Çərşənbə axşamı, 14 May

Şahzadə Diananın həyatının son anlarında baş verənlər - 25 ildən sonra İLK DƏFƏ ÜZƏ ÇIXDI

image

Fransız həkim Frederik Mailliez evə gedərkən lüks avtomobildə sıxılıb qalmış, nəfəs almaqda çətinlik çəkən bir qadınla qarşılaşıb. Qadının kim olduğunu bilməyib, amma həyatını qurtarmaq üçün əlindən gələni edib. Həmin qadın şahzadə Diana idi…

31 avqust 1997-ci ildə faciəvi yol qəzasında dünyasını dəyişən şahzadə Diananın ölümündən 25 il keçsə də, qəza ilə bağlı suallar hələ bitməyib.

Xəbər verilir ki, şahzadəni sağ görən son insanlardan biri, fransız həkim Frederik Mailliez Associated Press-ə danışıb.

Həkim şahzadənin son anlarına görə bir qədər məsuliyyət hiss etdiyini ifadə edərək gördüklərini təsvir edib.

Avqustun 30-dan 31-nə keçən gecə evə qayıdan Mailliez tunelə girərkən “Mercedes” markalı avtomobilin az qala ikiyə bölündüyünü və tüstü içində olduğunu görüb.

Frederik Mailliez

“Avtomobilə doğru addımladım. Qapını açıb içəri baxdım. Maşında dörd nəfər var idi. Onlardan ikisi heç bir reaksiya vermədi, görünür, ölmüşdülər. Maşının sağ tərəfindəki iki nəfər sağ idi. Qabaqdakı sərnişin qışqırırdı, arxadakı qadın sərnişin isə avtomobilin döşəməsində dizləri üstə oturmuşdu, başını aşağı əymişdi, nəfəs almaqda çətinlik çəkirdi” – Mailliez Diananın son anlarını təsvir edib.

Maşındakı yaralıları görən həkim kömək çağırmaq və ilkin tibbi yardım ləvazimatlarını götürmək üçün öz avtomobilinə doğru gedib. Kömək etdiyi qadının kim olduğundan xəbərsiz olan Mailliez maşınındakı oksigen torbasını Diananın üzünə qoyub.

“O, huşunu itirmişdi. Oksigen torbası onun vəziyyətini bir az yaxşılaşdırdı, amma danışmırdı” – həkim deyib.

Fransız həkim ilkin tibbi yardım göstərdiyi qadının Şahzadə Diana olduğunu sonradan öyrənib.

“Mən bunun təəccüblü olduğunu bilirəm, amma həmin vaxt Şahzadə Diananı tanımadım. Mən ona arxa oturacaqda kömək edirdim, qadının gözəl olduğunu gördüm, amma diqqətimi onun həyatını xilas etməyə o qədər cəmləmişdim ki, kim olduğunu düşünməyə vaxtım yox idi. Arxamda dayanan kimsə mənə dedi ki, yaralılar ingiliscə danışır. Mən də dərhal ingiliscə danışmağa başladım. Həkim olduğumu deyərək təsəlli verməyə çalışdım və təcili yardım çağırdım” – Mailliez bildirib.

Təcili yardım maşınları və yanğınsöndürənlərin gəlməsi ilə qəza yerindəki vəzifəsi sona çatan Frederik Mailliez ilkin tibii yardım göstərdiyi qadının Şahzadə Diana olduğunu biləndə şoka düşüb və özündən şübhələnməyə başlayıb.

“Onun Diana olduğunu və öldüyünü öyrənmək mənim üçün böyük şok oldu. Onu xilas etmək üçün əlimdən gələni etdimmi? Vəzifəmi düzgün yerinə yetirdimmi? Özümdən şübhələndiyim üçün tibb professorları ilə məsləhətləşdim. Onların hamısı mənə əlimdən gələni etdiyimi dedilər” – həkim qeyd edib.

Şahzadə Diana hadisə yerindən dərhal təcili yardım maşınları ilə xəstəxanaya aparılıb və bir neçə saat sonra dünyasını dəyişib. Eyni qəzada şahzadənin sevgilisi Dodi El Fayed və nəqliyyat vasitəsini idarə edən sürücü də həyatını itirib.

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, Diananın sürücüsü Henri Paul sərxoş olub və onun arxasınca gələn fotoqraflardan qaçmaq üçün avtomobili yüksək sürətlə idarə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00