Cümə axşamı, 25 Aprel

İranla viza rejimini qaldırmaq zamanı - Bakı nədən ehtiyatlanır?

image

Rəsmi Tehranın çoxgedişli kombinasiyalar qurmasının cavabı olmalıdır 

Cənub qonşumuz İranın Azərbaycan dövlətinə münasibətdə gerçək niyyətinin nə olduğunu hər bir azərbaycanlı yaxşı bilir. Ortada ən azı böyük “Qarabağ sınağı” var ki, rəsmi Tehran ondan çıxa bilmədi. Reallıq budur ki, rəsmi Tehran İslam, ümmət deyil, dövlət maraqlarını üstün tutaraq, erməni tərəfə “yıxılıb”.

Bugünlərdə İranın ali dini rəhbərinə yaxın bir şəxsin - sabiq diplomatın Azərbaycanın ünvanına söylədiyi hədyanlar və hədələr isə yerdə qalan “i”lərin də üzərinə nöqtələr qoydu.

Əslində təəccüblü olmadı. Sadəcə, bir sual daha da aktuallıq qazandı: bundan sonra nə eləməli, cənub qonşumuza qarşı hansı işlənməyən rıçaqları işə salmalıyıq ki, İranda boylarından yuxarı tullanmaq istəyənlər, panfarsizm virusuna yoluxanlar öz yerlərini birdəfəlik bilsinlər?

Mövzu ilə bağlı Azərbaycanın ictimai-siyasi xadimləri, fikir adamları müxtəlif təkliflər ortaya qoyurlar.

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh hakimiyyətə gələ  bilər, onları dəhşət bürüyür”

Qüdrət Həsənquliyev

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev mediaya müsahibəsində bu xüsusda maraqlı fikirlər açıqlayıb. Sitat: “İlk növbədə İranla açıq söhbət edilməlidir ki, onlar ürəkbulandıran, münasibətlərə kölgə salan təxribatlara son qoysunlar. İran vətəndaşları üçün viza rejimini təcili aradan qaldırmalıyıq. Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. Cənublu soydaşlarımızın, o cümlədən digər İran vətəndaşlarının ölkəmizə rahat gediş-gəlişi təmin olunmalıdır”.

Q.Həsənquliyevin daha sonra dedikləri də diqqət çəkir. Sitat: “İrandakı nüfuzlu azərbaycanlı siyasətçilərin, ictimai-siyasi fəalların, ekspertlərin Azərbaycana səfərləri təşkil olunmalı, iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Azərbaycan diplomatiyası dünyada Cənubdakı soydaşlarımızın milli haqlarını daha açıq səslə müdafiə etməlidir. Daha geniş imkanlara malik qardaş Türkiyənin bu işdə yaxından iştirakı təmin edilməlidir. İran tərəfdən təxribatçı addımlar davam edərsə, İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalı, təcili İsraildə səfirliyimiz açılmalı, İsrailin Lənkəran, Naxçıvan və Cəbrayılda konsulluq xidmətlərinin açılmasına çalışmalıyıq”.

İran-Azərbaycan münasibətlərinin gərginləşməsi, heç şübhəsiz, ilk növbədə Ermənistan üçün mənfəətlər vəd edir. Eyni zamanda fars şovinizmi Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün hər cür təxribatlara əl atır. Təbii, biz dövlətimizin və xalqımızın maraqlarından imtina edəsi deyilik hər hansı təzyiqin qarşılığında. Bu mənada prinsipial mövqeyimizi nümayiş etdirməklə yanaşı, müəyyən alternativlər təqdim etməyimiz də mümkün hesab olunur.

İstənilən halda, suallar var: bəs niyə hələ də İranla viza rejimi qalır, yaxud İsraildə səfirlik açmırıq? Hansı ki, Ermənistanın İsraildə səfirliyi neçə ildir fəaliyyət göstərir. Bakı nədən ehtiyatlanır? Yaxud soydaşlarımızın Güneyə daha rahat gediş-gəlişi üçün viza rejimi niyə də qaldırılmasın?

hikmet.jpg (238 KB).

Hikmət Babaoğlu: “İran Ermənistanda konsulluq açmaq yerinə paytaxtı Təbriz olan Şərqi Azərbaycan ostanı ilə müstəqil və dost Azərbaycanın əlaqələrinin dərinləşməsi üçün addımlar atsa, daha yaxşı olar”

Deputat Hikmət Babaoğlu bildirdi ki, İranın bəzi rəsmilərinin və diplomatlarının tarixi zəfərimizlə bitən Vətən müharibəmiz, yaxud Zəngəzur dəhlizi ilə bağlı aşıqlamalarına təəccüblənməməliyik:“Çünki belə mövqe bilinən bir həqiqət idi. Sadəcə, diplomatiya və siyasətin dərin qatlarında gizlədilərək soyuqqanlı şəkildə idarə olunurdu. Lakin müharibə ekstremal vəziyyət yaradır və diplomatiya bər-bəzəyini dağıdır. Beləliklə, rəsmi nəzakətin altında gizlədilən çirkin məqsədlər və mövqelər açıq şəkildə ortaya çıxır. 44 günlük müharibə və ondan sonra iki ilə yaxındır ki, davam edən postmüharibə dövrü məhz bu gizlinləri açıq ictimai müstəviyə çıxartdı. Qonşu ölkənin bəzi siyasətçiləri və diplomatları emosiyalarını cilovlaya bilmədilər və nəticədə hazırkı mənzərə yarandı”.

Millət vəkili qeyd etdi ki, İranın xarici siyasətində kardinal dəyişikliklər 1925 və 1979-cu illərdə müşahidə edilib: “Hazırkı xarici siyasət kursu 1979-cu ildən sonra formalaşan xarici siyasətdir. 1990-cı illərdə isə bu siyasətə ciddi korrektələr edilib və bəzi mərkəzlər tərəfindən buraya radikal məzhəb ixracı komponenti də əlavə olunub. Bu çox təhlükəli olsa da, həmin silah Vətən müharibəsində Azərbaycana qarşı işləmədi, bircə atəş belə hədəfə dəymədi. Halbuki müxtəlif mərkəzlərdən belə atəş əmri verilmişdi”.

Ancaq H.Babaoğlu hesab edir ki, bu, bizə arxayınlıq üçün əsas yaratmamalıdır: “Azərbaycana ixrac olunan radikal məzhəbçiliyə və narkomaniyaya qarşı ciddi mübarizə aparmalıyıq. Bunun üçün qonşu və dost İranla ən müxtəlif səviyyədə rəsmi əməkdaşlığı gücləndirməliyik. Bu əməkdaşlığın dərinləşməsi üçün İranda çox ciddi sosial baza var. Yəni bu ölkənin əhalisinin təqribən yarısı bizim soydaşlarımızdan ibarətdir. Hər şeyi kənara qoysaq, təkcə bu faktor İranın Azərbaycanın maraqlarını nəzərə almasını zəruri edir və eyni zamanda ortaq maraqlar və məqsədlərimizi şərtləndirir. Ona görə də İran dindaşı və məhzəbdaşı olmayan, İslam mədəniyyətinə düşmən kəsilən, illərdir şiə müsəlmanlarının günahsız qanını axıdan Ermənistanda konsulluq açmaq yerinə, paytaxtı Təbriz olan Şərqi Azərbaycan ostanı ilə müstəqil və dost Azərbaycanın əlaqələrinin dərinləşməsi üçün addımlar atsa, daha yaxşı olar. Bu, İran - Azərbaycan münasibətlərinə yeni töhfələr verərdi. Beləliklə də viza rejiminin aradan qaldırılması üçün şərtlər yaranardı. Düşünürəm ki, dost və qonşu İran bu istiqamətdə addımlar ata bilər və bu, iki ölkənin ortaq maraqlarına xidmət edərdi”.

 

Elxan Şahinoğlu: “Əgər İrandakı dairələr Azərbaycanın daxili işlərinə qarışmaqda davam edərlərsə, rəsmi Bakının da İrandakı azərbaycanlıların hüquqlarına diqqət yetirməsinin vacibliyi artacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu mövzuda danışarkən xatırlatdı ki, İranın ali dini liderinə yaxın şəxsin Azərbaycan haqqında təhqiramiz fikirlər səsləndirməsi təkzib olunmadı: “Bu, o deməkdir ki, İranda rəsmilər və din xadimləri arasında həmin şəxs kimi düşünənlər var. Onlar hesab edirlər ki, Azərbaycanın müstəqil inkişafı İrana təhlükədir. Halbuki Azərbaycan müstəqilliyini qazandıqdan bu yana heç zaman İranın daxili işlərinə qarışmayıb. İranın Azərbaycandakı səfiri Şuşaya səfər zamanı xeyli açıqlama verdi. Səfir birincisi, Laçının azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi. İkincisi,  bildirdi ki, Tehran Zəngəzur dəhlizinin əleyhinə deyil. Üçüncüsü, xatırlatdı ki, Tehran Ankaranın bölgə əməkdaşlığı üçün təklif etdiyi 3+3 formatını dəstəkləyir. Səfir bu açıqlamaları ilə ali dini liderə yaxın şəxsin Azərbaycan əleyhinə söylədiklərinin təsirini azaltmağa çalışdı. Ancaq nə qədər ki, həmin şəxsin özü məsələyə aydınlıq gətirməyib, onun sözləri ilə bağlı yaranan gərginlik davam edəcək”.

E.Şahinoğlu qeyd etdi ki, İran səfirinin Laçının azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik etməsi müsbətdir: “Ancaq səfirlə yanaşı, İran prezidentinin də Laçının azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik etməsi müsbət hadisə olardı. İranın siyasi dairələri Türkiyə-Azərbaycan strateji münasibətlərinə qısqanclıqla yanaşırlar. Halbuki İran prezidentindən fərqli olaraq, Türkiyə Cümhurbaşqanı azərbaycanlı həmkarına zəng edərək, Laçının azad olunması ilə bağlı İlham Əliyevi şəxsən təbrik etdi. Türkiyəni Azərbaycan üçün İrandan fərqləndirən də budur.

Səfir Tehranın Zəngəzur dəhlizinin əleyhinə olmadığını vurğulasa da, İran rəsmiləri daima “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” deməkdən yorulmadılar. Bu, Tehranın Bakıya mesajıdır ki, Qərbi Zəngəzur Azərbaycana birləşdirilməməlidir. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycandakı siyasətçilər və ekspertlər Qərbi Zəngəzuru qədim Azərbaycan torpağı adlandırırlar. Ermənistan keçmiş DQMV və ətraf rayonları 30 il işğal altında saxladıqda bu, İrandakı siyasi dairələri narahat etmədi, demədilər ki, “sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir”. Ancaq elə ki, Azərbaycan Ordusu torpaqları azad etdi və Zəngəzur mövzusu aktuallaşdı, İrandakı dairələrin narahatlığı başladı. Bunlar İran-Azərbaycan münasibətlərinə müsbət heç nə qatmır".

Politoloq qeyd etdi ki, digər tərəfdən İranda Azərbaycanın İran “torpaqları” olduğunu iddia edirlərsə, nədən Qərbi Zəngəzurun Azərbaycana birləşdirilməsinin əleyhinədirlər? Deməli, Azərbaycanın İrana “birləşdirilməsini” deyirlər, Qərbi Zəngəzurun isə Ermənistan tərkibində qalması vacibliyini vurğulayırlar. “Haradadır məntiq? Bütün sadalananlara baxmayaraq, Azərbaycan İran münasibətlərdə gərginlik tərəfdarı deyil. Ancaq əgər İrandakı dairələr Azərbaycanın daxili işlərinə qarışmaqda davam edərlərsə, rəsmi Bakının da İrandakı azərbaycanlıların hüquqlarına diqqət yetirməsinin vacibliyi artacaq. Bu arada, İran vətəndaşlarına tətbiq edilən viza rejiminin ortadan qaldırılması vacibdir. Bu, İranda yaşayan soydaşlarımızın Azərbaycana gəlişlərini sadələşdirə bilər”, - E.Şahinoğlu yekunda söylədi.

Rəsmi Tehran Azərbaycana qarşı ikili siyasət sərgiləyir, göründüyü kimi. Gah ölkəmizə təzyiq etməyə cəhd göstərir, gah da dost, qonşu münasibətlərini işə salır. Əks halda, məscidlərdə donuz saxlayan işğalçı ölkənin sərhədlərini “qırmızı xətt” adlandırmaz, birmənalı şəkildə Azərbaycanın yanında olduğunu bəyan edərdi. Yaxud İranın Qafan şəhərində konsulluq açmaq qərarının özü də Azərbaycanın Qərbi Zəngəzura uzanan yolunun qarşısını kəsmək üçün düşünülüb. Bu mənada bizim də çeşidli variantlara əl atmağımızda fayda var...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33