Çərşənbə, 28 Sentyabr

“Bu gün ermənilər Laçında vandalizm həyata keçirir” - Deputat

image

“2020-ci ilin dekabr ayında həm Laçının kəndlərindən, həm də Kəlbəcərdən çıxarkən ermənilər tərəfindən həyata keçirilmiş vandalizm bu gün Laçın da da təkrarlanmaqdadır”.

Bu sözləri açıqlamasında Milli Məclisinin Laçından olan deputatı Mahir Abbaszadə deyib.

O, ermənilərin Laçın və ətraf ərazilərdən çıxmasından sonra ərazidə törədə biləcəkləri ekoloji terrora münasibət bildirib.

Tarixə ekskursiya edən millət vəkili əlavə edib ki, 10 noyabr 2020-ci ildəki razılaşmaya əsasən, Qarabağda yaşayan etnik ermənilərin Ermənistana gediş-gəlişlərini asanlaşdırmaq məqsədilə Laçın rayonunun şəhər mərkəzi ilə yanaşı Zabux və Sus kəndlərindən keçən dəhliz onlara verilmişdi:

“Eyni zamanda həmin 10 noyabr sazişinin müddəlarına uyğun olaraq Azərbaycan tərəfi öz üzərinə müəyyən öhdəliklər götürmüşdü ki, 3 il ərzində yeni yolun çəkilişini həyata keçirəcək.

Bildiyiniz kimi, yeni yol artıq hazırdır. İndiki məqamda isə həm Azərbaycan dövləti, həm də Qarabağda fəaliyyət göstərən Rusiya Sülhməramlı Qüvvələrinin rəhbərliyi tərəfindən Laçında və Zabux kəndində məskunlaşmış ermənilərə artıq yaşadıqları ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq verilmişdir. Bizdə olan məlumatlara görə, artıq avqust ayının sonuna qədər bu proses öz həllini tapmalıdır. Yəni Laçın şəhər mərkəzində və Zabux kəndində fəaliyyət göstərən rus sülhməramlı qüvvələri artıq yeni çəkilmiş yolun mühafizəsini təşkil etməklə məşğul olacaqlar. Qısacası, Laçının şəhər mərkəzi, rayonun Ağanus, Sus və Zabux kəndləri Azərbaycanın ixtiyarına veriləcək”.

M. Abbaszadənin sözlərinə görə, ermənilər də bunu bildiklərinə görə, ərazidən köçməyə hazırlaşırlar:

“Belə ki, 2020-ci ilin dekabr ayında həm Laçın, həm də Kəlbəcərdən çıxarkən ermənilər tərəfindən həyata keçirilmiş vandalizm bu gün Laçında da təkrarlanmaqdadır. Onlar 1992-ci ildə işğal etdikləri və azərbaycanlılara məxsus olan evləri yandırmaqda davam edirlər. Təbii ki, bu, bir tərəfdən, Azərbaycan ərazilərində yanğınların baş verməsi, digər bir tərəfdən isə Azərbaycan ərazisində ermənilərin indiyə qədər apardığı vandal siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda ekoloji fəlakətin də ərazilərimizdə törədilməsi qeyd edilməlidir”.

Müsahibimiz təklif edib ki, bu məsələlər mətbuatda yüksək səviyyədə işıqlandırılmalıdır:

“Düşünürəm ki, bu məsələlər, həmçinin, birbaşa həmin ərazidə fəaliyyət göstərən rus sülhməramlılarının diqqətinə də çatdırılmalıdır. Çünki bu hadisələr göründüyü kimi, məhz sülhməramlıların gözləri qarşısında baş verir. Mənə elə gəlir ki, Rusiya sülhməramlıları bu prosesin qarşısını almalıdır, çünki bu torpaqlar necə ki Azərbaycanın qədim, eləcə də əbədi-əzəli torpaqlarıdır, o cümlədən bu torpağın üzərində bütün əmlaklar da bizə məxsusdur. Ona görə də ermənilər tərəfindən həyata keçirilən bu səpkili vandal hərəkətlərin qarşısı dərhal və qəti şəkildə alınmalıdır”.

Siyasətçi onu da söyləyib ki, digər bir tərəfdən, Azərbaycan dövləti tərəfindən bu ərazilərdə törədilmiş ekoloji fəlakətlərlə bağlı qiymətləndirmələr və hesablamalar aparılmışdır:

“Ona görə də ermənilərin bu gün də Laçının mərkəzində və kəndlərində həyata keçirdikləri vandal hərəkətlər həmin hesabatlara daxil edilməlidir. Hətta gələcəkdə Ermənistandan tələb olunacaq istənilən təzminata bu məsələlər də daxil edilməlidir ki, həm bir tərəfdən, tarixi ədalət öz həllini tapmış olsun, vurulmuş ziyanın dəyəri ödənilsin, həmçinin də, erməni vandallarına bu, bir dərs olsun ki, onlar bir daha Azərbaycan ərazisində belə hadisələri törətməkdən çəkinsinlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti