Cümə axşamı, 28 Mart

BAYDENİN PUTİNƏ İKİNCİ HƏMLƏSİ - Rusiyaya qarşı iqtisadi müharibə effektlidirmi?

image

Bayden hökumətinin anti-Rusiya sanksiyaları “Wall Street”də deyildiyi kimi, “nüvə variantında” dayandırıldı. Həmin sanksiyalar Amerika banklarının Rusiya dövlət borc istiqrazlarını həm rublla, həm də digər valyutalarla almasına qadağa qoyurdu. Lakin Vaşinqton nədənsə “atom bombasını zəiflətmək” qərarına gəlib. Yəni ABŞ şirkətləri buraxılmış istiqrazların alış və satışı ilə məşğul olan ikinci bazarlarda fəaliyyətlərini davam etdirə bilərlər.

Bu tədbir Rusiya üçün zərbədir. Rusiya “Covid-19” pandemiyası nəticəsində yaranmış iqtisadi tənəzzüllə mübarizə üçün digər ölkələr kimi, borc öhdəliyi istiqrazlarının emissiyasından asılı hala düşüb. Moskva neftin qiymətinin enməsi nəticəsində iqtisadi çətinliklərlə qarşılaşıb. Rusiya Səudiyyə Ərəbistanı ilə birgə xam neftin əsas ixracatçısıdır. Kremlin xarici siyasətindəki əsas təsir mexanizmlərindən biri də məhz neft satışıdır.

Beynəlxalq maliyyə bazarları ABŞ-ın Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyalara təmkinli reaksiya veriblər. ABŞ hökumətinin məlum bəyanatından dərhal sonra Rusiya dövlət borc istiqrazlarının və rublun məzənnəsi düşsə də, bu proses qısa müddət davam etdi. Çünki tezliklə treyderlər anladılar ki, ABŞ bankları Rusiya istiqrazlarını ikinci bazarlardan ala və ya sata bilərlər. Bu isə sistemdəki likvidliyə təminat verir.

Digər yandan isə Rusiyanın dövlət borcu böyük deyil. Hətta 2020-ci ildəki borclanmadan sonra bu borc ölkənin Ümumi Daxili Məhsulunun yalnız 20 faizini təşkil edir. Müqayisə üçün deyək ki, ÜDM-ə görə ABŞ-ın dövlət borcu 131 faiz, İspaniyanın borcu isə 120 faiz təşkil edir. Həmçinin Rusiyanın borc öhdəlikləri istiqrazlarının 80 faizi Rusiya şirkətləri tərəfindən alınıb ki, bu da öz növbəsində ölkənin xarici kapitaldan asılılığını xeyli aşağı salır.

Bayden hökuməti tərəfindən elan olunmuş son tədbirlərlə yanaşı, Ağ Ev Əfqanıstanda ABŞ əsgərlərinin öldürülməsinə görə Moskvanın Talibana pul ödədiyini, bir neçə Amerikan şirkətinə və dövlət idarəsinə qarşı rəqəmsal casusluq həyata keçirdiyini, keçənilki prezident seçkilərinə müdaxilə etdiyini iddia edir. Sanksiyalar, həmçinin Putinin aşbazı kimi tanınan biznesmen Yevgeni Priqojinə də şamil olunub. Onun muzdlu “Vaqner qrupu” döyüşçüləri 2019-cu ildəki kritik günlərdə Venesula diktatoru Nikolas Maduroya cangüdənlik etmiş, Rusiyanın Suriyaya müdaxiləsində xüsusi fəallıq göstərmişlər.

Bəşər Əsəd rejimi çox ciddi təhlükə altına düşən zaman məhz bu qrupun döyüşçüləri Dəməşq şəhərinin müdafiəsində iştirak ediblər. Bundan əlavə, Priqojinin muzdluları Ukraynadakı ruspərəst separatçıları dəstəkləmək üçün bu ölkənin şərqinə soxulmuşdular. Onlar, həmçinin islamçı qrupların qarşısını almaqdan ötrü Mərkəz Afrika Respublikasında da vuruşublar.

Co Bayden hökuməti altı həftə ərzində ikinci dəfədir ki, Vladimir Putinə qarşı tədbirlər görür. Yeni tədbirlərin əksəriyyəti ABŞ-ın artıq on ildir Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalar modelinə uyğun gəlir. Diplomatların ölkədən çıxarılması və casusluq ittihamı (bu dəfə on nəfər). Sanksiya siyahısında dövlət müəssisələri və özəl şirkətlər də yer alır.

Hər şey onu göstərir ki, Bayden hökuməti Putinə təzyiqi gücləndirmək istəsə də, bunu müəyyən səviyyəyə qədər edir və çalışır ki, bu sərtləşmə Rusiya diktatorunun həyatını çox da mürəkkəbləşdirməsin. İki prezidentin telefon danışığı zamanı Bayden Putinə ikitərəfli sammit keçirməyi təklif etsə də, Putin görüşməkdən imtina edib. Digər tərəfdən isə, Vaşinqton, Qara dəniz sahillərinə iki hərbi gəminin göndərilməsi fikrindən vaz keçib. Görünür ki, bu tədbirlər sadəcə olaraq gərginliyin şiddətlənməməsinə və iki dövlət arasında əlaqə kanallarının bağlanmamasına yönəlib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25