Cümə, 29 Mart

Urmiya gölü yoxa çıxır: Ekoloji fəlakət, yoxsa qəsd? – Müsahibə

image

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, güneyli milli-mədəni fəal Məhsa Mehdili müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Urmiya gölünün 95 faizinin artıq quruduğu bildirilir. Sizcə, əsrlərdir Urmiyanın, bütöv Güney Azərbaycanın simvollarından biri sayılan göl niyə qurudu, bunun qarşısını almaq mümkün idimi? Bu məsələdə Tehrandakı dini-siyasi hakimiyyətin rol oynadığını deyənlər çoxdur. Bu iddia nə qədər doğrudur, bunda məqsəd nə ola bilər?

- Urmiya gölü qurumur, qurudulur. Bu isə siyasi məsələdir. Bu, İranın Azərbaycan torpaqlarını səhralaşdırma planının tərkib hissəsidir. Əlbəttə, bunu deyərkən, əsaslandığım arqumentlər var. Xalq arasında bu gölə “Urmiya dəryası” deyirlər. Urmiya dəryası dünyanın ikinci ən böyük duzlu, Güney Azərbaycan və İranın isə ən böyük gölüdür.

Göldə quruma əlamətləri 2000-ci illərdən müşahidə olunmağa başlayıb. Urmiya dəryasını bəsləyən çayların üstündə anbarın tikilməsi, gölün ortasındakı bir neçə adanın partladılaraq su hövzəsinin dibinin doldurulması bu prosesdə önəmli rola malikdir. Təbii ki, baş verənlərlə bağlı vaxtında xəbərdarlıq edilmişdi, amma buna baxmayaraq, dəryanın ortasından körpü tikildi və bunun üçün həmin xəttin keçdiyi hissələrdə gölün dibi dolduruldu. Mütəxəssislərin açıqlamalarına əsaslanaraq deyə bilərəm ki, Urmiya gölünə qarşı edilən bu qəsd hakimiyyət tərəfindən həyata keçirilir.

2010-cu ildən bəri bölgədəki kütləvi etirazlara, hətta qlobal ekoloji qurumların xəbərdarlıqlarına baxmayaraq, İran dövləti gölü qurutmaqda israrlıdır. Yüzlərlə güney azərbaycanlı Urmiya gölünün xilas edilməsi fəaliyyətinə görə saxlanılıb, həbs olunub. Yüzlərlə insan həbs həyatı yaşayıb, bir o qədər də buna görə işini itirib, təqib və təzyiqlərə məruz qalıb. Bu basqı hələ də davam etdirilir.

Urmiya dəryasının quruması yüzminlərlə ton ağırlığında “duz bombası”nın Azərbaycanın tən ortasına atmaq deməkdir. Gölün ətrafı və yaxınlığında yerləşən yüzlərlə kənd və şəhər quraqlıq təhlükəsi ilə üz-üzədir. Yüzminlərlə hektar bağlar, tarlalar quruyub. Onsuz da işsizlik və iqtisadi problemlərin girdabında çapalayan Güneydə bir də əkin yerləri məhv edilir. İran hakimiyyəti ya yalan vədlər verir, ya da etiraz edənləri həbsə yollayır. Halbuki fars bölgələrinə yüz kilometlərlə uzaqlıqdan su xətləri çəkilir, milyardlarla dollar xərcləyib Tehranın ortasında süni göllər yaradılır. Urmiya gölünü isə qurudurlar. Bu gölün quruması Güney Azərbaycanda quraqlığa, işsizliyə, aclığa səbəb olacaq və insanların buradan kütləvi şəkildə köç etməsinə yol açacaq.

Mən o dəryadan 20 kilometr məsafədə yerləşən Salmasda böyümüşəm. İllərdir dəryamızın qurudulmasını hər düşünəndə az qala bağrım çatlıyır. Qos-qoca, dibi-bucağı olmayan, uşaqlığımızın keçdiyi dəryamızı, bağlarımızı, orada yaşayan heyvanların yuvalarını, hamımızın həyat mənbəyini məhv edirlər. Məqsədləri güney azərbaycanlıların yurdlarını səhraya çevirmək, onları oradan didərgin salmaqdır.

- İllərdir mübarizə aparılır, Tehrandan Güney Azərbaycan türkləri üçün öz dillərində təhsil almaq, məktəb, mətbu orqan açmaq və s. kimi konstitusion haqlar tələb olunur. Bəs bu yöndə nə kimi yeniliklər var?

- Mübarizə, milli şüurun gücləndirilməsi, aydınlanma və haqq tələblərimiz davam edir. Bu, elə bir aydınlıqdır ki, yayılır, hər kəsi özünə yoluxdurur. Ya bu haqlar verilməlidir, ya da insanlarımız geri çəkilməyəcəklər. İran Azərbaycan toplumu, varlığı və həqiqətiylə barışmaq istəmir. Buna görə də bu yöndə heç bir müsbət addım atmır, atmaq niyyətində də görünmür. Amma qarşısında dayanan o boyda həqiqəti qəbul etmək əvəzinə ona qarşı gəlmək, təzyiq və zorbalığa əl atmaq İranın sonunu gətirəcək.

- Əvvəllər xarici ölkələrdə, xüsusən də Avropa və ABŞ-da Güneylə bağlı fəaliyyət göstərən təşkilatlar kifayət qədər fəal və güclü görünürdülər. Bu gün durum necədir? Sanki passivlik var.

- Əslində, pandemiyanın uzun müddət davam etməsi bir çox sahədə olduğu kimi, bu yöndə də öz mənfi təsirini göstərdi. Təbii ki, bu, qlobal problem idi. Bu dönəmdə də bir araya gəlmək, konfrans və tədbirlər təşkil etmək çətin oldu. Amma yenidən əvvələ qayıdırıq, yəni mən prosesdə durğunluq görmürəm.

Ətraflı

 

Bir başqa məsələ də 44 günlük Qarabağ savaşı və bundan sonrakı mərhələdir. Xüsusilə Qarabağ savaşı Güney Azərbaycan Milli Hərəkatı üçün dönüş nöqtəsi oldu. Bu, yenidən yüksəlişə keçdiyimiz dönəmdir, indi Quzeyli-Güneyli gündəmimiz də budur. 44 günlük Qarabağ müharibəsindən sonra həm Güney, həm Türkiyə, həm də dünyanın əksər ölkələrində Güney Azərbaycan əsas gündəm mövzularından birinə çevrilib.

- İranda qadınlar arasında hicab əleyhinə aksiya başlayıb. Ötən günlərdə isə Şirazda gənc qızlar parkda hicabsız fləşmob keçirmişdilər. Bu kampaniyanın genişlənməsi ehtimalı nə qədərdir? 

- Bu gün İranda məcburi hicab həm qadın, həm də bir çox siyasi müxalif hərəkatın prioritet məsələlərindən biridir. Ümumiyyətlə, qadın məsələsi və onların haqları İranda böhran yaradan əsas məsələlərdəndir. Təsəvvür edin ki, İranda qadına qarşı zorakılıq qanunlar tərəfindən legitim hesab olunur. Qanunların hamısı qadınları kişilərlə bərabər haqlardan məhrum edir. İran qanunlarına görə, qadınların kişilərin yarısı qədər belə haqları yoxdur. İranda qadın olmaq həyata əskik varlıq kimi başlamaq deməkdir.

Bəhs etdiyiniz kampaniyaya gəldikdə, Təbriz, Urmiya və bütün Güney Azərbaycan qadınları da bu kimi məcburiyyət və zorakılıqlara qarşıdır. Hətta Güneydə “Geyimimə qarışma”, “Paltarıma qarışma” və s. adlarla kampaniya başlamışdı. Kampaniya çox güclü dəstək də aldı. Məqsəd qadınların geyimlərinə qarışmağın qarşısını almaq, bunun insani və ya fərdi haqq olduğunu qəbul etdirməkdir.

Qadın haqları İranda müxtəlif hərəkatların ən önəmli parçalarından biridir. Qadınlar bütün hərəkatların əsas təkanverici qüvvəsidir, bu, tarixən də belə olub. Heç bir hərəkat qadınlar olmadan uğur qazana bilməz.

- İran dünyada ən çox edam cəzası verilən ölkələrdən biridir. Sizcə, niyə belədir? Edamla bağlı sui-istifadə halları varmı? İranda yaşayan etniklər baxımından bu yöndə ayrı-seçkilik edilirmi?

- İran əhalisinin sayı və sıxlığına görə, dünyada ən çox edam cəzası verilən ölkələr arasında birinci yerdə durur. Təbii ki, bununla bağlı özbaşınalıq halları kifayət qədər çoxdur. Xüsusən də silahlı mübarizə aparan kürdlər və bəluclar daha çox edam cəzaları ilə üzləşirlər, eləcə də ərəblər. Güney Azərbaycan Milli Hərəkatı isə silahlı mübarizə aparmır. Buna görə də yanaşma bir qədər fərqlidir. Amma bəzən “silahlı mübarizə” adı altında heç bir dəlil, fakt və sübut olmadan insanları dara çəkə bilirlər. Bu səbəbdən də Güneydən bəhs ediriksə, silahlı mübarizə məsələsindən ehtiyatla danışırıq.

Bəzən belə hallar da olur ki, günahı döyərək boynuna atırlar, sonra edam edirlər. Amma ölüm hökmü icra olunduqdan sonra bəlli olur ki, bu insanın heç bir günahı yox imiş.

İranda edamlar təkcə qətllərlə əlaqəli deyil. Bəzən əxlaqi, bəzən də din və müqəddəslərin təhqir edilməsi kimi amillərdən bəhanə kimi istifadə edərək insanları dara çəkirlər. Bir sıra hallarda bu edamları “dövlətin cinayəti” də adlandırırıq. Çünki bu edamlar daxildə ciddi problemlərə, böhrana yol açır. Təsəvvür edin ki, küçələrin, meydanların ortasında dar ağacı qurulur və insanları asırlar. Başqalarını da çağırırlar ki, gəlin, baxın – tamaşa edin.

Əslində, hakimiyyət edamlarla xalqın gözünün odunu alır. Yəni “bizə qarşı çıxsanız, sonunuz belə olacaq” kimi mesajları özündə ehtiva edir. İranda ədalətli məhkəmə və mühakimədən danışmaq mümkün deyil. Dəqiq statistika verə bilməyəcəm, çünki faktlar gizlədilir, amma deyə bilərəm ki, bu edamların böyük əksəriyyəti özbaşınalığın nəticəsində olur. Bunlar da mövcud sistemin siyasi maraqlarını, mənafeyini qorumaq üçün həyata keçirilir, eyni zamanda, hədə-qorxu ilə insanları özlərinə tabe etmək, yaxud susdurmaq məqsədi daşıyır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45