Cümə, 29 Mart

Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə minaya düşənlərin sayı açıqlanıb

image

“Hazırda ən böyük təhlükə mina təhlükəsidir. Mina təhlükəsi müəyyən qədər aradan qaldırılmayınca böyük işlər görmək mümkün deyil”.

Bunu müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib ki, keçmiş təmas xətti 200 km uzunluğunda və 5 km enində ərazini əhatə edib: “Bu ərazi həm piyada əleyhinə, həm tank əleyhinə minalarla, həm də partlamamış sursatlarla həddindən artıq çirklənmiş vəziyyətdədir. Ərazidə Birinci Qarabağ müharibəsindən qalmış çoxlu metal və sursat qırıntıları da var ki, bu da mina təmizləmədə itlərdən istifadəni məhdudlaşdırır. Həmçinin keçmiş təmas xətti düz ərazi də deyil, çoxlu vallar və hərbi istehkamlar var. Bu da ərazidə minatəmizləyən maşınlardan istifadəni çox çətinləşdirir və ərazini demək olar ki, əllə qarış-qarış təmizləmə məcburiyyəti yaradır. Bizim minatəmizləyənlər həqiqətən çox böyük fədakarlıq göstərirlər. Məhz bunun nəticəsində Ağdama elektrik xəttinin çəkilməsi 1 il çəkdi. Bunun üçün 20 metr enliyində dəhliz açıldı və bu dəhlizlə şəhərə elektrik xəttinin çəkilməsinə nail ola bildik. Təsəvvür edin ki, Qarabağın demək olar ki, hər yerində “AzərEnerji” ASC və “Azərişıq” ASC tərəfindən müxtəlif yarımstansiyalar quraşdırılmışdı. Ən sonda Ağdamda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikildi. "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi həm də “Ağdam-1” yarımstansiyasının yerləşdiyi yerdə tikilib istifadəyə verildi”.

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında Ermənistan bizə bəzi rayonların mina xəritələrini verib: “Amma bu xəritələrin praktiki əhəmiyyəti çox aşağıdır, dəqiqliyi 25% ətrafındadır. Bu xəritələrin etibarlılığı 25% olsa da, xəritələrin əhatə dairəsi indiyəcən işğaldan azad olunmuş ərazilərin cəmi 5%-ni əhatə edir. Üçtərəfli bəyanat imzalandıqdan bəri 224 nəfər mina qurbanı olub. Onların arasında ölənlər, yaralananlar, əlil olmuş insanlar var. 224 nəfərdən 139-u həmin mina xəritələri ilə əhatə olunmayan ərazilərdə minaya düşüb. Yəni söhbət təkcə onların xəritəsində göstərilən ərazilərdən getmir, təmas xəttinin arxasında da mina təhlükəsi var.

Özü də bu minalar heç bir məntiqə, qaydaya əsaslanmayan şəkildə basdırılıb. Biz hər yerdə sürpriz minalarla rastlaşırıq. Bu, həm də Ottava Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Regionda davamlı sülhü və asayişi bərpa etmək üçün ilk olaraq mütləq bu təhlükəsizlik məsələləri öz həllini tapmalıdır. Təhlükəsizlik məsələləri öz həllini tapa bilmirsə və mina təhlükəsi aradan qaldırılmırsa, onda heç vaxt regionda qarşılıqlı inam və etimad təmin olunmayacaq. Əgər biz bunu istəyiriksə, ona doğru addım atmalıyıq. Azərbaycan tərəfinin dəfələrlə çağırışlarına baxmayaraq, Ermənistan tərəfindən bu istiqamətdə heç bir konstruktiv addım görmürük. Çox təəssüflər olsun ki, indi də mövcud reallıq budur və bu reallıqda fəaliyyət göstəririk. Ən çox minatəmizləmə işi görülmüş ərazi Ağdam rayonudur. Bu ərazinin 16%-i minalardan təmizlənib. Füzuli rayonu üzrə bu göstərici 10-11% ətrafındadır. Digər rayonlarda bu rəqəm daha aşağıdır. Bu, onu göstərir ki, hələ bu istiqamətdə görüləsi işlər çoxdur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45