Çərşənbə axşamı, 19 Mart

Tacikistanda nə baş verir, ABŞ Rusiya üçün ikinci cəbhə açmaq istəyir? – AÇIQLAMA 

image

Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlərə ağır zərbə vurmaqla yanaşı müxtəlif dövlətlərdə gərginliyə səbəb olub. Bu dövlətlərdən biri də Tacikistandır.

Belə ki, ölkədə əhali etirazlara qalxıb. Ölkə Prezidenti Emoməli Rəhmon KTMT sammitinə getdiyi bir vaxtda ölkədə (Dağlıq Bədəxşan Muxtar Vilayətində) iğtişaşlar başlayıb, hərbçilərlə toqquşmalar baş verib. Bir müddət öncə Tacikistanda ərzaq qiymətlərində baş verən kəskin artım və milli valyutanın xeyli dəyər itirməsi sosial gərginliyi artırıb.

Bəs görəsən Tacikistanı da Qazaxıstanın taleyi gözləyir? Ümumiyyətlə, bu məsələdə Rusiyanın əli varmı?

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev bildirib ki, belə iğtişaşlar gözlənilən idi:

“ABŞ ordusu Əfqanıstandan çıxanda orada 85 milyardlıq silah ehtiyatını boş yerə saxlamadı. Həmin silahlar Tacikistan və İran üçün nəzərdə tutulub. ABŞ-ın Talibandan əsas istəyi həm Tacikistanı, həm də İranı qarışdırmaqdır. İranla bağlı müəyyən addımlar atılsa da, sonradan bu proses dayandı. Tacikistanın sərhədində əfqanlar yaşayır. İndi onların fəallaşması təsadüfi deyil. Çünki ABŞ Rusiya üçün ikinci cəbhə açmaq istəyir. Tacikistanda rus dili dövlət dilidir. Bundan başqa orada əhalinin sosial vəziyyəti də çox ağırdır. Prezident də hakimiyyəti öz oğluna ötürmək istəyir. Belə bir şəraitdə ABŞ yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır”.

Politoloq bildirib ki, Tacikistanda vətəndaş müharibəsi başlaya bilər:

“Tacikistan xalqı qan tökülən zaman onun mütləq qisasını almalıdır. Bu onların adətidir. Ölkədə polislə qarşıdurma var. Bu mənada ölkədə vətəndaş müharibəsi başlaya bilər. Rusiya bu məsələlərə müdaxilə edə bilər. Dünən KTMT ölkələrinin bir yerə gəlməsi heç də təsadüfi deyil. Bu sammitlə Rusiya ABŞ-a bir növ mesaj vermək istəyir. Lakin Tacikistanla Əfqanıstan arasında qarşıdurma olarsa, Rusiya üçün çox ciddi problemlərə səbəb ola bilər. Çünki belə olan halda Rusiyaya ikinci cəbhə açılmış olacaq. Digər tərəfdən Emoməli Rəhmonun hakimiyyətdən getməsi Rusiyanın Tacikistanı itirməsi ilə nəticələnəcək. Rusiyanın Orta Asiyadakı siyasi dəyənəyi isə Tacikistandır. Çünki onlar türk deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11