Cümə axşamı, 19 May

Bir mənzil 10 nəfərə SATILIR — MTK-ların bitməyən FIRILDAĞI

image

Ev sahibi olmaq hamının arzusudur.  Kifayət qədər əlçatmaz və hətta çoxumuz üçün mümkünsüz olan bu arzuya bir addım atanda çox zaman sürprizlərlə qarşılaşırıq. Min bir əziyyətlə topladığın pulu verib mənzil alırsan və az keçmir məlum olur ki, sənin aldığın bu mənzil daha bir neçə nəfərə satılıb.

Söhbət yeni  tikilən və hələ inşası başa çatmayan mənzillərdən gedir. Qanunda bir mənzilin eyni zamanda bir neçə adama satılması qeyri-mümkün məsələ hesab olunur. Lakin Bakıda bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə vətəndaş var. Ona görə məhkəmələrdə də tez-tez bununla bağlı şikayətlərə rast gəlinir.

Bu yaxınlarda “Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Maraqlıdır ki, indiyədək bu problemin qarşısı niyə alınmır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında bildirib ki, ölkəmizdə bu sahədəki qanunlarda boşluqlar var. Ekspertin sözlərinə görə, bu kimi problemlərin yaranmasına səbəb vahid baza sisteminin olmamasıdır:



“Azərbacan iqtisadiyyatının böyük bir hissəsi tikinti sektorundan asılıdır. Yəni, burada həm iş yerləri olur, həm də tikinti zamanı bir çox  zavodlar, fabriklər tam işlək vəziyyətdə olur. Lakin bəzi tikinti şirkətləri dələduzluq edirlər bə bir mənzili bir neçə şəxslərə satırlar. Təbii ki, bura bütün tikinti şirkətlərini şamil etmək olmaz, çünki öz imicini qoruyan tikinti şirkətlərimiz də var. Bu cür dələduzluq səbəbindən artıq vətəndaşlarımız müqaviləli binalardan mənzil almaq istəmirlər, çünki ehtiyat edirlər”.

Ekspertin sözlərinə görə, bu kimi problemlərin yaranmasına səbəb tikilən binalarda satılan mənzillər hər hansısa bir dövlət orqanında reyestrinin aparılmamasıdır:

“Möhür, imza, müqavilə və s. hər biri MTK rəhbərində olduğuna görə, bu adam istəsə bir mənzili sahiblərindən xəbərsiz 10 adama da sata bilər. Bu isə yalnız bina tikilib təhvil verildikdən sonra, yəni adamlar evinə gəlib, sahiblik edəndə bəlli olar. Yəni, problem ondadır ki, bunun Azərbaycanda reyestri aparılmır və vahid bazası yoxdur. Tükiyəyə, Rusiyaya və digər ölkələrə baxaq. Burada tikintini şirkət edir, amma alqı-satqını başqa bir qurum aparır. Amma bu gün ölkəmizdə vətəndaş böyük məbləğdə pullar verir, amma sonu necə olacağı sual altındadır. Bu səbəbdən də vətəndaşlar mənzil alarkən, yeni tikili binalardan binanın keyfiyyəti ilə maraqlanmırlar. Sadəcə bina tikən şəxsin şəxsi keyfiyyəti ilə maraqlanırlar ki, bu necə insandır, kimisə aldadıbmı, tikdiyi binalara çıxarış veribmi və s. Əslində, bu düzgün yanaşma deyil. Sadəcə vətəndaşlar məcburdurlar ki, bu cür yanaşsınlar”.

“Bunun qarşısının alınması üçün ötən ayda Cənab Prezidentin sərəncamı oldu. Həmin sərəncamın içində yeni tikilən binalarala bağlı da bir müddəa var idi ki, 2022-2024-cü illərdə tikiləcək binaların vahid bazası formalaşdırılsın. Vahid baza nədir? Mən hər hansısa mənzil almaq istəyirəm X şirkətdən. Yəni, həmin alqı-satqını dövlət aparacaq. Qeyd edim ki, əslində tikinti şirkətləri binanı tikməli, amma alqı-satqını onlar aparmamalıdır. Onlar apardığına görə də, ölkəmizdə bax bu cür problemlər yaşanır”.

Ekspert tikinti sektorunda həddindən artq boşluqların olduğunu vurğuladı:

“Böyük tikintinin aparılması ilə bağlı dövlət hansısa tender keçirdir. Həmin dövlət qurumu tikinti şirkətindən bank zəmanəti istəyir. Bank zəmanəti nədir? Əgər bu tikintinin layihəsinə xərc tutaq ki, 1 milyondursa, həmin vətəndaş öz hesabına banka 500 min, 1 milyon pul yatırır. Bank həmin dövlət qurumundan, bu tikinti hər hansı mərhələdə yarımçıq qalarsa, yaxud hər hansısa problem yaranarsa buna dair zəmanət məktubu verir ki, buna da bank zəmanəti deyilir. Amma burada vətəndaşlara heç kim zəmanət vermir ki, sənin mənzilin tikilib qurtaracaq yoxsa yox, bu mənzil digər şəxslərə satıla bilər yoxsa yox. Yəni, bu sahədə boşluqlar həddindən artıq çoxdur. Çox olduğuna görə, artıq çox insanlar gözləyir ki, binalar tikilib qurtarsın və çıxarış verilsin. Təbii ki, çıxarış verilən mənzillərdə də qiymətlər baha başa gəlir. Beləliklər, insanlar bahalığa gedirlər, amma riskə getmirlər”.

E.Fərzəliyev hesab edir ki,  mütləq şəkildə qanun sərtləşməlidir:

“Bu gün təkcə Bakı və Abşeonda 11 mindən çox istismar müddətini bitirmiş binalar var və yüzə yaxın bina FHN tərəfindən qəzalı kimi qeydə alınıb. Əgər ümumi monitorinq keçirsələr qəzalı binalar yüzdən artıq yox yüzlərlə olacaq. Onları da sökənlər özəl sektordur. Amma insanlar bu gün müqaviləli mənzillərindən ehtiyat etdiyinə görə, bu şirkətlər də artıq pilot layihələrə maraq göstərmirlər. O baxımdan bu qəzalı binaların xırda tərpənişdən uçulub dağılmaması üçün mütləq şəkildə dövlət bu sahə ilə bağlı qanun qəbul edib, satış və zəmanətlə bağlı qaydaları sərtləşdirməlidir. Buna çox ehtiyac var, çünki qaydalar sərtləşərsə, vətəndaşlar aldadılmayacaq və belə qanunsuzluqlar da olmayacaq”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fuad Vəlixanov vəfat etdi

  • 16.05.2022 - 21:45