Cümə axşamı, 19 May

Elman Rüstəmovun gedişi ölkə iqtisadiyyatına və pul siyasətinə necə təsir edəcək? - MÜSAHİBƏ

image

Xəbər verdiyimiz kimi, Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib. Milli Məclisin bu gün keçirilən iclasında “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov AMB-nin İdarə hetyətinin üzvlüyündən azad olunmaqla, həm də AMB-nin sədrliyindən də azad olunacaq.

Elman Rüstəmovun vəzifəsindən azad edilməsi gözlənilməz olduğu qədər cəmiyyətdə müəyyən suallar yaradıb. Bu barədə suallarımızı isə iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb.

– Natiq müəllim, necə düşünürsünüz, Elman Rüstəmovun vəzifəsindən azad edilməsi faktının axrasında hansı reallıq dayanır?

– Səbəblər hələlik bəlli deyil. Bu hər kəsə sürpriz oldu. İki il öncə Elman Rüstəmovun Mərkəzi Bankda sədrliyi yenidən təsdiq olunmuşdu. İndiki halda onun hansı səbəbdən vəzifədən azad edilməsi qaranlıq məsələdir. Bu barədə rəsmi qurumların açıqlamalarını gözləməliyik.

– Elman Rüstəmovun bu illər ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

– 27 illik fəaliyyəti dövründə Elman Rüstəmov yaddaşlarda ziddiyətli açıqlamaları ilə qaldı. O, devalvasiyadan bir gün öncə “devalvasiya olmayacaq” deyə açıqlama vermişdi. Məncə, Rüstəmov tarixə elə bu ifadəsi ilə həkk olunacaq. Bir müddət əvvəl isə o, AMB-nin yeni binasının tikintisi ilə bağlı açıqlama verərək bunu müdafiə etmişdi. Halbuki, yeni binaya ehtiyac ehtiyac yox idi. Mərkəzi Bank kimi vacib qurumun rəhbəri, təəssüf ki, bu ifadələri ilə yaddaşlarda qalacaq.

-Sizcə, yeni sədr təyinatı AMB-nin pul siyasətinə necə təsir edəcək?

-Hələlik idarə heyətinə yeni üzv qəbul olunub. Yəqin ki, onun yerinə kimin sədr təyin olunacağı yaxın vaxtlarda elan olunacaq. Yeni sədrin açıqladığı proqramdan sonra hansı dəyişikliklərin ediləcəyi bəlli olacaq. Çünki Mərkəzi Bankların rəhbəri dəyişəndə ən azı bir saatlıq proqram çıxışı edir. Həmin  çıxışda gələcək fəaliyyətə dair bəzi mesajlar verilir. Hələlik AMB-nin siyasətinin hansı yöndə dəyişəcəyi ilə bağlı açıqlamalar yoxdur. Həmçinin, AMB-nin əlində olan imkanlar xeyli məhduddur. Dünya Mərkəzi Banklarının fəaliyyətinə birjalar, qiymətli kağızlar bazarı yön verir və tənzimləyir. Bizdə isə qiymətli kağızlar bazarı və valyuta birjası yoxdur. Ona görə də, kimin rəhbər olması o qədər də əhəmiyyət daşımır. AMB öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün iqtisadi sistemdən asılı qalıb. Bizim iqtisadi sistem bankın iştirakını minimuma endirib. Bütün bunlar Mərkəzi Bankın fəaliyyətinə təsir göstərən mənfi amillərdir.

-Rəhbər dəyişikliyindən sonra ölkədə devalvasiya gözlənilirimi?

-Bizdə devalvasiya ilə bağlı qərarı AMB rəhbərliyi vermir. Bu qurum verilmiş qərarın icrası ilə məşğuldur. Ona görə də, rəhbərlikdə kimin olmasından asılı deyil. Bizim məzənnə siyasi məzənnədir və inzibati qaydada tənzimlənir. Hesab edirəm kİ, rəhbərliyin dəyişməsi devalvasiya risklərini artırmır. Həmçinin, neftin qiymətinin yüksək olduğu dövrdə manatın devalvasiya ehtimalı çox aşağıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fuad Vəlixanov vəfat etdi

  • 16.05.2022 - 21:45