Cümə axşamı, 25 Aprel

“Rusiyanın atdığı raket dünyamı dağıtdı” – Üç aylıq qızını itirən atanın faciəsi

image

Yuri Glodan şəhərdə partlayışların olduğunu eşidəndə alış-veriş üçün mənzilini və ailəsini yenicə tərk etmişdi.

Yuri yaşadığı binaya qayıdanda onu yanan binanın içərisinə buraxmayan polisin üstünə qışqırmağa başlayıb. Mənzilinə qalxanda isə həyat yoldaşının və anasının cəsədlərini görüb. Onlar Rusiyanın raket zərbəsinin binanın aşağı mərtəbələrini dağıtması nəticəsində ölmüşdülər.

Xilasedicilər bir müddət sonra isə onun üç aylıq körpəsi Kiranın meyitini aşkar ediblər; Yuri bu haqda yalnız bazar günü evə qayıdan zaman xəbər tutub.

İki aydır davam edən müharibə nəticəsində ukraynalılar bir çox ölümlərə şahidlik etsələr də, bir ailənin üç üzvünün ölümü onları sarsıtmaqla yanaşı, həm də qəzəbləndirib.

Odessanın bombalanmasına münasibət bildirən Prezident Volodimir Zelenski də sarsıntı içərisində idi. “O qız Rusiyaya hansı təhlükəni yaradırdı ki? Görünür, uşaqları öldürmək Rusiya Federasiyasının sadəcə yeni milli ideyasıdır”, – Zelenski Ukrayna xalqı qarşısında çıxışı zamanı qeyd edib. O, hücumu planlaşdıranları və həyata keçirənləri söyüb.

Daha 5 insan Odessaya atılan mərmilərin qurbanı olub. Bazar günü Yuri dağılan evini yığışdırmaq üçün və nəyin qaldığını öyrənmək üçün evinə gəlib. Foto albomlar, xanımının saxladığı şirniyyat qutuları kolleksiyası və əl yazıları. O, həm də qızının dağıntılar altındakı meyitini tapıb.

“Burda olan hər şey zibil kimi çölə tullanılacaq”, – o, BBC-yə bildirib. “Və mənim üçün, ailəmiz və dostlarımız üçün bu, çox vacibdir. Həyat yoldaşımla birlikdə çox gözəl dostlarımız var. Bunlar hamısı çox dəyərlidir”.

Yuri və Valeriya 9 ildir ki, ailə qurmuşdular. “O, çox mehriban, gülərüz idi. Ən adi şeylərdən sevinməyi və gülməyi çox xoşlayırdı. O, xoşbəxt idi”, – Yuri BBC-yə deyib.

“O, Odessanı da çox sevirdi, bura onun ən sevimli şəhəri idi. Biz çox tez-tez şəhərimizi, küçə və dənizi tərifləyirdik. Onun hər kəslə ünsiyyət qurmaq bacarığı, insanları anlayışla qarşılaması, onun gözəl əl yazısı… Təsəvvür edə bilməzsiniz, onun necə gözəl xətti var idi! O, necə bir ana idi. Bunu da təsəvvür edə bilməzsiniz! Bu ana, bu dost, bu isə qızım – ən yüksək kefiyyətlərə malik dəyərli varlıqlarım…

Mən heç vaxt bu cür insanlar tapa bilmərəm. Bu, sadəcə, Allah tərəfindən bir dəfə verilir”, – o vurğulayıb.

Kira yanvarın əvvəlində doğulmuşdu, müharibədən əvvəl onun iki ayı tamam idi. Bir neçə həftə sonra Valeriya sosial şəbəkələrdə paylaşım edərək, qızının doğulmasından sonra başqa cür xoşbəxt olduğunu yazmışdı. “Bu, ən yaxşı 40 həftədir. Qızımız artıq bir ayını tamamladı. Atası ona ilk gülünü verdi”, – o yazırdı.

Yuri bizə telefonunda Kiranın şəkillərini göstərdi. “Mən doğumda iştirak etdim, qızımız dünyaya gələndə göz yaşlarımı saxlaya bilmədim. İndi qızımın yoxluğunu qəbul etmək mənim üçün çox çətindir. Həyat yoldaşım və qaynanam da… . Dünən bütün dünya gözümün qarşısında öldü. Onu Rusiya raketi öldürdü. Təəssüf ki, ölən təkcə mənim ailəm deyil”.

Yuri bütün dünyanın onun ailəsinin başına gələnlərdən xəbərdar olmasını istəyir. “Bu, bütün Ukraynanın qəbridir. Bu, Odessanın dəfn yeridir. Bu, bütün sivil dünyanın basdırıldığı yerdir – o deyir, – çünki 21-ci əsrdə insanlar arasında kommunikasiyanın bu qədər güclü olduğu dövrdə, mədəniyyətlərin və sivilizasiyanın bu qədər inkişaf etdiyi zamanda bir ölkənin digərinə qarşı bu cür aqressiya, müharibə, dağıntı törətməsi qeyri-mümkündür”.

Biz çıxan zaman o bizə bir neçə uşaq bezi verdi. Bu onun evdən çıxarda bildiyi çox az xatirədən biri idi.

“Daha buna ehtiyacım yoxdu – o dedi, – bu mənim uşağım üçün idi. Bunu xeyirxahlıq üçün kiməsə verərsiniz”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33