Cümə, 19 Aprel

Putin Paşinyanla görüşdə ciddi səhvə yol verdi

image

Əgər, prezident Vladimir Putin Xankəndi və ətraf bölgə ilə bağlı “təhlükəsizlik məsələsi”ni Nikol Paşinyanla müzakirə edibsə, deməli, həm beynəlxalq hüququ, həm də Rusiyanın Azərbaycanla imzaladığı müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini kobud şəkildə pozub; Türkiyə və Azərbaycan Cənubi Qafqazla bağlı belə “ikibaşlı oyunları” adətən, reaksiyasız buraxmır, yəni, yaxın vaxtlarda cavab addımlarının atılma ehtimalı kifayət qədər yüksəkdir...

Brüssel görüşünün nəticələri artıq Cənubi Qafqazda cərəyan edən proseslərə birbaşa təsir göstərməyə başlayıb. Ukrayna savaşında məğlub duruma düşərək, ciddi şəkildə zəifləmiş Rusiyanın regiondakı hegemonluq mexanizmləri öz əhəmiyyətini itirməkdədir. Və Rusiyanın çoxsaylı sanksiyalara məruz qalması, dünyadan sürətlə təcrid edilməsi də Kremli çıxılmaz vəziyyətə salıb.

Məsələ ondadır ki, Kreml artıq Cənubi Qafqazda əsas söz sahiblərindən biri deyil. İndi Kremlin geopolitik maraqları daha çox region dövlətlərinin və Cənubi Qafqazda mənafeləri olan Qərb siyasi iradə mərkəzlərinin verəcəyi qərarlardan asılı vəziyyətə düşüb. Belə davam edərsə, Rusiya yaxın gələcəkdə Cənubi Qafqazı ümumiyyətlə, tərk etmək məcburiyyətində qala bilər.

ABŞ və Qərb artıq “Rusiyasız Cənubi Qafqaz” planını işə salmış kimi görünür. Hər halda, Azərbaycan-Ermənistan sülh danışıqları prosesinin Rusiyanın nəzarətindən tamamilə çıxarılması istiqamətində ciddi və israrlı cəhdlər göstərilir. Hətta Brüssel görüşünün nəticələri bu planın reallığa çevrilmə ehtimalını da artırıb.

Maraqlıdır ki, Kreml Brüssel görüşünün nəticələrini əhəmiyyətdən salmağa çalışsa da, indi bu məsələdə əsas ümidi Ermənistana bağlıdır. Çünki yalnız Ermənistan həmin görüşün nəticələrindən imtina edərsə, Cənubi Qafqazda yenidən arta və Kremlin regiona təsir mexanizmlərinin ömrü müvəqqəti də olsa, arta bilər. Ancaq rəsmi İrəvanın buna cəsarət edəcəyi hələlik o qədər də inandırıcı görünmür.

Hər halda, Paşinyan hakimiyyəti Rusiyanın gələcək taleyinin qeyri-müəyyən olduğunu anlamamış deyil. Belə vəziyyətdə Brüssel anlaşmalarından imtina edilməsi Ermənistanın özünü çətin vəziyyətə sala bilər. Ən azından, rəsmi İrəvanın Qərb siyasi dairələri qarşısında onsuz da zədələnmiş etibarının tamamilə yoxa çıxa biləcəyi qətiyyən istisna deyil. Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin ona zəng edərək, növbəti dəfə Brüssel anlaşmalarını xatırlatması da belə düşünməyə əsas verir.

Maraqlıdır ki, erməni baş nazir Kremldə xüsusi həssaslıqla qarşılanıb. Belə ki, baş nazir N.Paşinyan bu dəfə Moskvada əvvəllər heç vaxt görmədiyi diqqətlə əhatə olunub. Bu isə Rusiyanın Cənubi Qafqazda öz regional maraqlarını qorumaq üçün hətta Ermənistana möhtac qalacaq qədər aciz durumda olduğunu göstərir. Və belə vəziyyət N.Paşinyanın yenidən “ikibaşlı oyunlara” meyl göstərə biləcəyi ilə bağlı ehtimalları da aktuallaşdırır.

Onu da qeyd etmək lazımdır ki, Kreml Putin-Paşinyan görüşündə əldə olunmuş nəticələri mümkün qədər arxa planda tutmağa çalışır. Kremldən verilən rəsmi açıqlamalarda ümumi ifadələrə daha çox üstünlük verilir. Belə anlaşılır ki, Kreml Cənubi Qafqaz ilə bağlı Rusiyanın deyil, məhz Ermənistanın pozucu tərəf kimi ön plana çıxarılmasında daha çox maraqlıdır. Yəni, Kreml Brüssel görüşünün nəticələrinin pozulması ilə bağlı erməni baş nazirə təzyiq göstərildiyini mümkün qədər gizlətməyə çalışır.

Ancaq Ermənistan baş naziri N.Paşinyan ilə görüş əsnasında prezident Vladimir Putinin verdiyi bəzi açıqlamalar müəyyən nəticələr çıxartmağa da vimkan verir. Belə ki, Kreml sahibi vurğulayıb ki, “Dağlıq Qarabağda hələ problemlər çoxdur”. Halbuki, prezident V.Putinin belə bir iddia ilə çıxış etməsinin özü də absurddur.

Məsələ ondadır ki, Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli anlaşmaların imzalanmasından artıq xeyli müddət keçib. Ancaq həmin anlaşmaların icrasında olduqca ciddi problemlər var. Və həmin problemlərin mövcudluğunun əsas səbəbləri sırasında Rusiyanın üçtərəfli anlaşmalarla öz üzərinə götürdüyü öhdəliklərin mütləq əksəriyyəyini yerinə yetirməməsi xüsusi yer tutur.

Məsələn, Xankəndi və ətraf bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülh məramlı qüvvələri hələ də Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazilərindən çıxartmayıb. Əksinə, rus sülhməramlılar silahlı erməni separatçı-terrorçu dəstələrinə döyüş mövqeləri qurmaqda yaxından dəstək verir, cinayətkarları himayə etməyə çalışır. Rusiya prezidenti V.Putinin haqqında danışdığı problemlər də məhz bu səbəbdən hələ də həllini tapmamış qalır.

Digər tərəfdən, Kreml sahibi onu da vurğalayıb ki, “Ermənistan baş naziri N.Paşinyan ilə Dağlıq Qarabağda təhlükəsizliyin təmin edilməsi” məsələsini də müzakirə etmək niyyətindədir. Düzdür, Putin-Paşinyan görüşünün qapalı hissəsində bu mövzunun necə müzakirə edildiyi barədə hər hansı məntiqli izah verilməyib. Bununla belə, Kreml sahibinin yenə də məntiqsiz niyyətlə çıxış etdiyi açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, Rusiyanın “Dağlıq Qarabağ” adlandırdığı bölgə Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin tərkib hissəsidir. Əgər, Kreml rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu həmin ərazi ilə bağlı “təhlükəsizlik məsələsi”ni müzakirə etməlidirsə, bu, yalnız rəsmi Bakıya aid mövzudur. Yəni, hüquqi məntiqlə Kreml sahibi bu mövzunu yalnız Azərbaycan lideri ilə müzakirə edə bilər.

Ancaq əgər, prezident V.Putin bu məsələni Ermənistan baş naziri N.Paşinyanla müzakirə edibsə, deməli, həm beynəlxalq hüququ, həm də Rusiyanın Azərbaycanla imzaladığı müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini kobud şəkildə pozub. Çünki Xankəndi və ətraf bölgənin Azərbaycandan başqa heç bir dövlətə, o cümlədən də Ermənistana heç bir aidiyyatı yoxdur. Bu, o deməkdir ki, Kreml Azərbaycana münasibətdə qətiyyən səmimi deyil, regionda gərginliyin artmasında da maraqlıdır.

Bununla belə, Rusiya indiki situasiyada öz “ikibaşlı oyunlar”ını mümkün qədər komuflyaj etməyə də cəhd göstərir. Çünki Kremldə anlayırlar ki, rəsmi Bakı belə davranışlara qətiyyən seyirçi qalmır və dərhal sərt reaksiya verir. Üstəlik, Azərbaycanın NATO üzvü olan müttəfiqi Türkiyənin mümkün reaksiyası da Kremli ehtiyatlı olmağa vadar edir. Çünki Türkiyənin Cənubi Qafqazda geopolitik maraqları olmaqla yanaşı, rəsmi Ankara bütün addımlarını məhz Azərbaycanla uzlaşdırır. Və bu, Kreml üçün ən arzuolunmaz faktordur.

Məsələ ondadır ki, regionda vəziyyət ermənilər üzərindən gərginləşməkdə davam edərsə, Türkiyə Azərbaycanın yanında prosesə mütləq müdaxilə edəcək. Rusiya isə Türkiyə ilə geopolitik rəqabətə hazır olmadığından yenə də çıxılmaz duruma düşəcək. Üstəlik, rəsmi Ankara cavab addımı olaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmaqla, Kremli cəzalandırmaq niyyətinə də düşə bilər.

Halbuki, Türkiyə hazırda Rusiya üçün dünyaya açılan yeganə “pəncərə” rolunu oynayır. Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanması isə Rusiyanın həmin önəmli “pəncərə”nin qapadılması ilə nəticələnə bilər. Böyük ehtimalla dünyadan təcrid edilməkdə olan Rusiya bunu qətiyyən istəməz.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28