Cümə, 29 Mart

Putinin ən yaxın adamı kimdir və müharibəni kim idarə edir? - ŞOK DETALLAR

image

Vladimir Putin Rusiya ordusunu ölkə iqtisadiyyatını məhvolma təhlükəsinə doğru sürükləyən müharibəyə yönləndirir. Son iki toplantıda Putin ən yaxın müşavirlərindən uzaqda oturmuşdu. Bu, nadir rast gəlinən haldır.

Ukraynaya hücumun məsuliyyəti Ali Baş Komandan olaraq onun üzərindədir. Amma Putin son dərəcə sadiq komandasına arxalanır - bu komandadakıların çoxu karyerasına Rusiyanın təhlükəsizlik xidmətlərində başlayıb.

Bəs özü və vəzifəsi üçün taleyüklü olan bu məqamda Putin kimlərin məsləhətinə qulaq asır?

Əgər Rusiya prezidenti yaxın çevrəsində kiminsə rəyini ciddiyə alırsa, bu adam, heç şübhəsiz, Ukraynanın demilitarizasiyası və Rusiyanı "Qərbin hərbi təhdidindən qorumaq" tezislərini olduğu kimi kimi təkrarlayan müdafiə naziri - çoxillik sirdaşı Sergey Şoyqudur. Şoyqu Putinlə ova gedib balıq tutan adamdır. Üstəlik, keçmişdə onu Putinin potensial xələfi hesab edirdilər.

Rusiya Prezidenti Vladimir Putin 27 fevral 2022-ci il tarixində Moskvada müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü zamanı onlarla özü arasında böyük məsafə saxlayıb. "Şoyqu Kiyevə yürüş etməli, müdafiə naziri olaraq qələbəni təmin etməliydi" - silahlı münaqişələr üzrə ekspert Vera Mironova belə deyir. 2014-cü Krımın tutulması onun sayəsində baş verib. O, həmçinin Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edirdi. Bu idarə iki sinir zəhərlənməsi hadisəsində ittiham olunur - biri 2018-ci ildə Britaniyada baş verib, digəri isə 2020-ci ildə, Sibirdə müxalifət lideri Aleksey Navalnının zəhərlənməsidir.

Nə qədər qəribə görünsə də, rusiyalı təhlükəsizlik eksperti və yazıçı Andrey Soldatov müdafiə nazirinin hələ də Putinə ən çox təsir edən şəxslərdən biri olduğuna inanır: "Şoyqu təkcə orduya yox, qismən də ideologiyaya cavabdehdir. Rusiyada ideologiya əsasən tarixlə əlaqəlidir, prosesin tarixi şərhinə də Şoyqu nəzarət edir".

Baş Qərargah rəisi olaraq Ukraynaya hücum etmək və işğalı sürətlə tamamlamaq Valeri Gerasimovun işiydi. Amma bu işin öhdəsindən gələ bilmədi. 1999-cu ildəki Çeçenistan müharibəsində orduya rəhbərlik edəndən bu yana Gerasimov Vladimir Putinin bütün hərbi əməliyyatlarında önəmli rola malik olub. O, keçən ay Belarusda keçirilən təlimlərə nəzarət edib, Ukraynayla bağlı hərbi planlaşdırmalarda da ön sıralarda olub.

General Gerasimov Krımın ilhaqı zamanı həyata keçirilmiş hərbi əməliyyatda da mühüm rol oynayıb. Bəzi məlumatlara görə, Ukraynaya hücumun zəif başlamasına və əskərlərin əhval-ruhiyyəsinin pis olmasına görə onu prosesdən kənarlaşdırıblar. Amma "Putin hər yola və batalyona nəzarət edə bilməz və bu rol Gerasimova məxsusdur. Müdafiə naziri Sergey Şoyqu öz uniformalarını çox sevsə də, hərbi hazırlığı yoxdur və peşəkarlardan yardım almaq məcburiyyətindədir" - Soldatov belə deyir.

"Nikolay Patruşev uzun illərdir ki, Qərbin Rusiyanı işğal etmək istədiyinə inanan radikallardandır" - "University College London"un Rusiya üzrə mütəxəssisi professor Ben Noble belə deyir. Təhlükəsizlik Şurasının katibi olan Patruşev Rusiyanın ikinci şəhəri Sankt-Peterbuqrun hələ Leninqrad adlandırıldığı 1970-ci illərdən bəri Putinlə birlikdədir. Onunla eyni vaxtda o zamankı KQB-də işləyib və Putinin ən sadiq üç adamından biridir.

Digər ikisi isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkindir. "Silovik"lər kimi tanınan məmurlar arasında bunlar Putinə ən yaxın olan şəxslərdir. Rusiya prezidentinə Patruşev qədər təsir edə bilən çox az adam var. O, həm sovet dövründə Putinlə birlikdə KQB-də işləyib, həm də 1999-cu ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri vəzifəsinə - Putinin yerinə gətirilərək 2008-ci ilə qədər bu quruma rəhbərlik edib. Ukraynaya hücumdan üç gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının qəribə bir iclası olub. Orda Patruşev ABŞ-ın "əsas hədəfinin" Rusiyanı parçalamaq olduğunu iddia edib.

Bu iclas sanki bir teatr idi - Putin masa arxasında oturmuşdu, digərləri isə məhkəmədə ifadə verirmiş kimi bir-bir tribunaya qalxıb Rusiyanın dəstəklədiyi Ukrayna separatçılarının müstəqilliyini tanımaqla bağlı fikirlərini bildirirdilər.

Həmin iclasda Nikolay Patruşev sınaqdan yaxşı keçdi. "Müharibə qərarı üçün ən çox o şüvən salırdı və məndə belə bir hiss var ki, Putin onun bu ifrat mövqeyinə yönəlib" - Ben Noble belə deyir. Kremldə baş verənləri izləyən müşahidəçilər deyirlər ki, Putin FSB-nin məlumatlarına başqa mənbələrdən daha çox inanır. Aleksandr Bortnikov da onun ən yaxın çevrəsinə daxil olan şəxslərdəndir. Leninqrad DTK-sının daha bir keçmiş əməkdaşı olan Bortnikov 2008-ci ildə Nikolay Patruşevi əvəz edərək FSB-nin rəhbərliyinə keçib. Hər iki şəxsin Putinə yaxın olduğu bilinir, amma Ben Noble-ın də qeyd etdiyi kimi, "Qərarları kimin verdiyini dəqiq deyə bilmərik".

FSB-nin digər hüquq-mühafizə orqanlarına, eləcə də öz strukturundakı xüsusi təyinatlı qruplara əhəmiyyətli dərəcədə təsiri var.

Keçmiş Leninqrad kabusları üçlüyünü tamamlayan Sergey Narışkin də karyerasının böyük bir qismində Putinin yanında olub. Bəs Təhlükəsizlik Şurasının iclasında mövcud siyasətə qarşı çıxış edərkən Putindən eşitdiyi məzəmməti necə qiymətləndirə bilərik?

Daha çoxu üçün InstagramBBC kənar saytların məzmununa məsul deyil.

Xarici Kəşfiyyat Xidmətinin rəisi Narışkin orda demişdi ki, üsyançı ərazilərin müstəqilliyini tanımazdan əvvəl "Qərb tərəfdaşlarına bir daha şans verilməlidir". Amma Putin ondan müzakirə edilən mövzuya münasibət bildirməsini istəyəndə Narışkin tərəddüd etdi və sözlərini yumşaldıb "DXR" və "LXR"-in Rusiyanın tərkibinə qatılmasına tərəfdar olduğunu bildirdi, Rusiya prezidenti isə "Biz indi bunu müzakirə etmirik" dedi. Belə görünür ki, bu iclas Kremlin öz narazılığını geniş televiziya auditoriyası qarşısında açıq şəkildə nümayiş etdirmək qərarına uyğun olaraq yayımlanıb. Böyük Britaniyanın Müdafiə və Təhlükəsizlik Araşdırmaları üzrə Kraliyyət Birləşmiş Xidmətlər İnstitutunun əməkdaşı Mark Galeotti isə hadisələrin tiksik atmosferindən təsirlənərək "Twitter"dəki hesabında bunları yazıb: "Ən çox zərər çəkən həqiqətən də Narışkin oldu. Çıxışından təəccübləndiyi üçün Putin onu qorxutdu. Narıçkinin bir dost yox, öz rəhbərinin xidmətçisi olduğunu vurğuladı". Amma Andrey Soldatov Rusiya liderinin yalnız o andan həzz aldığını düşünür:

"Putin yaxın çevrəsiylə oyun oynamağı, onu [Narışkini] axmaq kimi göstərməyi xoşlayır". Sergey Narışkin 1990-cı illərdə Sankt-Peterburqda, 2004-cü ildə Prezident Administrasiyasında çalışıb, 2008-ci ildə bu qurumun rəhbəri təyin edilib, 2011-ci ildə Dövlət Dumasının sədri seçilib, 2016-cı ildə Putin onu Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib. Narışkin həm də Rusiya Tarix Cəmiyyətinə rəhbərlik edir. Soldatovun sözlərinə görə, o, siyasətinin ideoloji əsaslarını formaşdırmaqda Putinə yaxından kömək edib.

Keçən il BBC-nin Moskva müxbiri Steve Rosenberg-in suallarını cavablandıran Narışkin Rusiyanın müxalifətçiləri zəhərləməsi, kiberhücumlar təşkil etməsi və başqa ölkələrin seçkilərinə müdaxilə etməsi kimi iddiaları təkzib edib. Sergey Lavrov 18 ildir ki, Rusiyanın bir nömrəli diplomatıdır. Qərarların qəbulunda böyük rolu olmadığı düşünülsə də, Rusiyanın tezislərini dünyaya məhz o təqdim edir.

71 yaşlı Lavrovun bu vəzifədə belə uzun müddət qalması Putinin köhnə kadrlara olduqca çox güvəndiyinin daha bir sübutudur. O, çoxbilmiş adamdır: keçən ay Britaniyanın xarici işlər naziri Liz Truss-ın Rusiya coğrafiyası üzrə biliklərinə lağ etmiş, bir il əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-i aşağılamağa çalışmış, amma uzun müddət Ukraynayla bağlı nəsə bir şey etməkdən çəkinmişdi. Lavrov diplomatik səylərin artırılması tərəfdarı olub. Putinsə onun mövqeyinə məhəl qoymamağı üstün tutdu.

BMT-nin İnsan Hüquqları Şurasının bir neçə gün əvvəlki toplantısına videobağlantı vasitəsilə qatılıb Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırmaqdaykən Şura üzvlərinin əksəriyyətinin zalı tərk etməsi isə Lavrovun özünün vecinə olmadı.

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Rusiya qoşunlarının xaricə göndərilməsini təsdiqlədi - səsverməyə nəzarət edən sədr Valentina Matviyenko işğalın önünü açmış oldu. Putinin yaxın çevrəsindəki nadir qadın siyasətçilərindən biri olan Matviyenko Sankt-Peterburqda doğulub, 2014-cü ildə Krımın ilhaqı prosesində mühüm rol oynayıb.

Vladimir Putinin keçmiş mühafizəçisi Viktor Zolotov 6 il əvvəl yaradılmış şəxsi mühafizə ordusuna - "Rosqvardiya"ya rəhbərlik edir. Putin bu quruma sadiqliyindən əmin olduğu cangüdənini göndərəndən sonra mühafizəçilərin sayı 400 min nəfərə çatıb. Vera Mironova hesab edir ki, Rusiyanın ilkin planı işğalı bir neçə günə başa çatdırmaq olub. Ordu buna nail ola bilmədiyi üçün estafeti "Rosqvardiya"ya ötürüblər. Amma Zolotovun hərbi təhsili yoxdur. Digər zəif tərəfi isə qoşununda tank olmadığı üçün bu qüvvənin hücumlara açıq olmasıdır.

Putin başqa kimin məsləhətini dinləyir?

Baş nazir Mixail Mişustinin iqtisadiyyatı xilas etmək kimi perspektivsiz bir vəzifəsi var və o, müharibəylə bağlı çox az söz hüququna sahibdir. Politoloq Yevgeni Minçenko deyir ki, Moskva meri Sergey Sobyanin və Rusiyanın neft nəhəngi "Rosneft"in rəhbəri İqor Seçin də Putinə çox yaxındırlar. Milyarder qardaşlar Boris və Arkadi Rotenberqsə Putinin uşaqlıq dostlarıdır və onun çoxdan etibar etdiyi adamlardandırlar. 2020-ci ildə "Forbes" jurnalı onları "Rusiyanın ən zəngin ailəsi" kimi xarakterizə edib. Bu materialın hazırlanmasında BBC Rusiya Xidmətinin əməkdaşları Olqa İvşina və Katerina Xinkulova da iştirak ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45