Cümə, 19 Aprel

Rusiya Ukrayna ilə həm savaşacaq, həm də qazını satacaq: Münaqişə Azərbaycana necə təsir edəcək? - TƏHLİL

image

Rusiya və Ukrayna arasındakı mövcud siyasi gərginlik regionda yeni iqtisadi vəziyyət yaradır. Hazırda Avropada enerji tələbatının 41 faizini qarşılayan Rusiyanın Ukrayna ilə müharibə ehtimalını nəzərə alaraq alternativ enerji mənbələrinin təmin edilməsi ilə bağlı danışıqlar aparır.

Məlum olduğu kimi, Ukrayna Rusiya qazının Avropaya çatdırılmasında tranzit ölkə rolunu oynayır. Müharibə ehtimalı ilkin olaraq belə sual ortaya qoyur:

Rusiya Ukrayna ilə həm savaşıb, həm də Avropaya bu ölkədən qaz sata biləcək?

Əgər Rusiya enerjini siyasi silah kimi istifadə etsə (bir çoxlarına görə ağlabatandır, hətta “Şimal Axını 2” layihəsinin də əsas məqsədinin bu olduğu ehtimal edilir) böyük həcmdə gəlirli qaz satışından imtina etməlidir. 

2021-ci ildə Rusiyanın “Qazprom” şirkəti keçmiş Sovet İttifaqı ölkələrindən kənara 185,1 milyard kubmetr, o cümlədən Avropa və Türkiyəyə isə 177 milyard kubmetr qaz ixrac edib. Halbuki, ötən il Avropa daha yüksək həcmlərdə təkid edirdi. “Qazprom” da öz növbəsində Avropaya 183 milyard kubmetr həcmində qaz söz vermişdi.

Ötən il Rusiya Ukraynadan keçməklə Avropaya 41,6 milyard kubmetr qaz nəql edib. İxrac 25 faiz azalıb və bu, Ukraynanın tranzit gəlirlərinə də təsir edib. Bu isə Rusiyanın Ukraynadan keçən qaz nəqlini tədricən azaldaraq tamamilə ləğv edəcəyi iddiasını gücləndirib.

Əgər Ukrayna ilə müharibəyə başlasa Rusiya Qərbə gedən qaz kranlarını bağlar, ya bağlamaz?

Bağlamaz. Ümumiyyətlə, Rusiyadan Avropaya nəql olunan qazın tamamilə dayandırması ağlasığmazdır. İlk növbədə Ukrayna vasitəsilə Avropaya ixrac edilən qaz ümumi qaz ixracının 21,6 faizini təşkil edir. Rusiya Ukraynadan keçən qazın verilişini dayandırsa böyük həcmdə gəlirdən imtina etmiş olar. Hətta 2009-cu ildə Rusiya və Ukrayna münasibətlərinin ən gərgin dövründə belə Federasiya bu ölkədən keçən qazı yalnız qısa müddətli kəsdi. Moskvanın Avropaya təbii qaz axınını kəsməsi mümkün görünmür. Çünki, ölkənin neft və qaz ixracı büdcənin təxminən 36 faizini təşkil edir.

Bir də “Şimal Axını 2” var

Moskva hazırda qazın Avropaya nəqli üçün alternativ marşrut hazırlayır. Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya nəql edəcək “Şimal axını 2” ölkə üçün bir növ zəmanətdir. Çünki, Rusiya enerji verilişinin şaxələndirilməsində maraqlıdır. Lakin, bu haradasa siyasi silah kimi istifadə edilə bilər, əgər Rusiya Ukraynadan qaz verilişini qısa müddətdə dayandırsa. Ümumilikdə isə sadəcə Rusiyanın ixrac potensialının artırılmasına xidmət edir. 

ABŞ-ın əsas müttəfiqi və Ukrayna ilə bağlı danışıqların tarixən mühüm iştirakçısı olan Almaniya Rusiyadan kifayət qədər təbii qaz alır və bu layihəyə müsbət yanaşır. Çünki, “Şimal axını 2” Almaniya iqtisadiyyatı və xalqı üçün böyük əhəmiyyət daşıyır. 1 230 kilometr uzunluğunda iki paralel xətt vasitəsilə ölkəyə ildə təxminən 55 milyard kubmetr təbii qazın çatdırılması nəzərdə tutulub. ABŞ isə bunun Avropanın Rusiya enerjisindən asılılığını artıra biləcəyinə görə narahatdır. Bayden administrasiyası Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə “Şimal Axını 2”nin həyata keçirməsinin qarşısını alacağını bildirib. Rusiyanın hərbi addım atacağı təqdirdə 90 faizi tamamlanan və təxminən 10 milyard dollara başa gələn “Şimal axını 2” təbii qaz boru xəttinin həyata keçməsində təhdidlər yaranacaq. 

Mövcud vəziyyət Azərbaycan iqtisadiyyatı üçün nə deməkdir?

Avropa hazırda qaz israfını azaltmağı, kömür stansiyalarını işə salmağı, yerli qaz hasilatını (Norveç və Hollandiyada) artırmağı, Əlcəzair və Azərbaycandan qaz idxalını maksimuma çatdırmağı və uzunmüddətli dövr üçün yaşıl enerjiyə keçidi hədəfləyir. Digər tərəfdən Asiyadan olan alıcıları kömürə keçməyə razı salmaq niyyətindədir. Həmçinin növbəti dövrdə LNG (maye qaz) idxalını da artıracaq. Bu, ABŞ və Qətərdəki LNG istehsalçıları üçün stimul olacaq. 

Avropa üçün ilkin olaraq boru kəmərləri vasitəsilə enerji təchizatının genişləndirilməsi və LNG tədarükünün artırılması ən ağlabatan tədbir kimi görünür. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının nümayəndəsi Cənub Qaz Dəhlizinin ötürücülüyünün artırılması, onun əhatə dairəsinin genişləndirilməsi və Şahdənizdən daha çox qazın hasil edilməsi ilə bağlı təklif irəli sürmüşdü. Bu, Azərbaycan tərəfindən də qarşılana biləcək təklif idi.

Avropa üçün ikinci əsas məhsul LNG-dir və Azərbaycan son illərdə LNG bazarındakı iştirak payını daha da artırıb. Dövlət Neft Şirkətinin baş ofisi İsveçrədə yerləşən “SOCAR Trading” şirkəti 2016-cı ildən LNG (maye qaz) bazarında distribütor qismində fəaliyyət göstərərək qısa müddətdə xeyli təcrübə toplayıb. Şirkət müxtəlif ölkələrin, həmçinin, Ukraynanın LNG bazarında iştirak edir.

“SOCAR Trading” LNG-nin elektrik enerjisinə çevrilməsini təmin edəcək layihələrdə iştirakını şaxələndirəcək. Bununla şirkət yaşıl enerji bazarında da payını artıracaq. Həmçinin, təbii qazın quru yolu ilə əldə edə bilməyən ölkələri dəniz vasitəsilə LNG ilə təmin etməkdə maraqlıdır. Çünki, məsafənin də uzaq olması qazın boru kəmərləri ilə deyil mayeləşdirilmiş halda (LNG) dəniz vasitəsilə nəql olunmasını labüd edir.

Hazırda Azərbaycanın təbii qaz ixracını boru kəmərləri vasitəsilə ilə artırması və LNG tədarükündə də iştirak etməsi mümkündür.

Ümumiyyətlə, bu müharibə baş tuta bilər?

Məsələyə iqtisadi baxımdan yanaşsaq, belə nəhəng güclərin qarşı-qarşıya gəlməsi ağlabatan hesab edilmir. Çünki, Ukrayna və Rusiya müharibəsi təkcə iki ölkənin toqquşması olmayacaq. Bütün bu amillər tərəflərin məsələni danışıqlar yolu ilə həllinə daha çox təşviq edəcək.

Bu hər iki tərəfin iqtisadi gücünü uzun müddət azaldacaq. ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə bunun qarşısını almaq üçün vahid cəbhə yaratmağa çalışacaq, bu isə Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artıracaq. Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar isə təkcə enerji sektoruna şamil olunmayacaq, daha geniş iqtisadi sahəni əhatə edəcək və bu, bütün Rusiya iqtisadiyyatına, maliyyə sisteminə və ticarətinə mənfi təsir göstərəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20