Cümə axşamı, 18 Aprel

Ana qızının sevgilisindən DİN-ə şikayət etdi – Şok təfərrüat

image

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində qeyri-rəsmi münasibətdə olduğu arvadı Gülnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, hadisə ötən il mayın 2-də baş verib.

Həmin gün saat saat 10 radələrində Cavadla Gülnarənin yaşadıqları evdə qısqanclıq zəminində mübahisəsi düşüb. Cavad Gülnarəni döyərək, ona müxtəlif dərəcəli xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Cavadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavad ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarəni üç ilə yaxın müddətdir tanıyır: “Bakı şəhərində yerləşən kafelərdən birində tanış olmuşuq. Təxminən iki il müddətində qeyri-rəsmi münasibətdə olduq. Lakin sonradan maddi durumum aşağı olduğu üçün kirayə haqqını ödəyə bilmədim. Gülnarəni valideynlərinin yaşadığı ünvana gətirdim. Buna baxmayaraq mütəmadi olaraq həmin ünvana gedərək onunla maraqlanmışam. Birlikdə yaşadığımız müddət ərzində aramızda bir neçə dəfə mübahisə baş verdi”.

Cavadın sözlərinə görə, mayın 2-ə keçən gecə Gülnarə ilə telefon vasitəsilə danışan zaman sonuncu evdə tək olduğunu bildirib və onu yaşadığı evə çağırıb: “Səhər saat 10 radələrində Gülnarənin yaşadığı evə getdim. Heç bir etiraz etmədən yaşadığı evə daxil olmağıma icazə verdi. Söhbət zamanı ona başqa şəxslərlə münasibət saxladığını bildirdim. Gülnarə anidən barəmdə nalayiq ifadələr işlətdi. Hərəkətlərinə son qoymasını tələb etsəm də, ailəm barəsində də nalayiq sözlər dedi. Bundan əsəbləşdim, sifət nahiyəsindən iki şillə vurdum. Sonra sağollaşaraq evi tərk etdim. Bir qədər sonra isə Gülnarə və onun anası barəmdə şikayət etdiyi məlum oldu”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Gülnarə deyib ki, Cavadla kafedə tanış olub: “Birlikdə yaşadığımız ilk vaxtlarda Cavad mənimlə normal davrandı, aramızda heç bir mübahisə baş vermədi. Lakin bir müddət sonra mənə münasibətləri dəyişdi. Dəfələrlə mənimlə mübahisə etdi. Bu səbəbdən ondan ayrılmaq qərarına gəldim.

Memar Əcəmi metrosu yaxınlığında Cavadla birlikdə kirayədə yaşadığım evi tərk etdim, ailəmin yaşadığı evə geri qayıtdım. Bundan sonra o, dəfələrlə yaşadığım həmin ünvana gələrək məni narahat etdi, yenidən birlikdə yaşamağı tələb etsə də, razılaşmadım”.

Gülnarənin bildirdiyinə görə, mayın 2-də saat 10 radələrində yaşadığı evdə tək olan zaman Cavad ora gəlib: “Cavad mənimlə söhbət etmək istədiyini bildirdi. Aramızda heç bir mübahisənin baş verməyəcəyini ehtimal etdim və onun evə daxil olmasına icazə verdim.

Bir qədər söhbət etdikdən sonra Cavad aprelin 30-da hansı evdə olduğumu soruşdu. Ona getdiyim yer barəsində məlumat verməkdən imtina etdim. Cavad yüksək səslə mənimlə danışaraq mübahisəyə başladı. Ona irad bildirsəm də, hərəkətlərini davam etdirdi. Yumruqla bir neçə dəfə sifət və bədənimin müxtəlif nahiyələrindən vurdu, mənə xəsarət yetirdi. Ondan evi tərk etməsini tələb etdim. Onun evi tərk etmək istəmədiyini gördüm, çölə çıxaraq anama zəng etdim. Hadisə barədə ona məlumat verdim. Anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi”.

Gülnarə ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Cavadın barəsində Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci iltarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.

Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28