Cümə axşamı, 19 May

Putin keçmiş sovet ölkələrindən nə istəyir? – Müsahibə

image

“1990-cı illərdə Azərbaycanda – Qarabağda həyata keçirilən işğal ssenarisini həyata keçirə bilərlər. Vaxtilə Dağlıq Qarabağ tamamilə işğal edildikdən sonra ətrafdakı 7 rayon da zəbt edilmişdi. İndi həmin ssenarini Ukraynanın bu bölgəsində həyata keçirməyə çalışa bilərlər. Bu ssenariyə uyğun olaraq, Belarusa qədər uzanan zolağı ələ keçirib, bufer zona yaratmağa cəhdləri ola bilər. Sonra da deyəcəklər ki, bunu Donetsk və Luqansk “respublikalar”ı edib ki, öz təhlükəsizliklərini qarantiya altına alsınlar”.

Politoloq Azər Qasımlının müsahibəsini təqdim edirik.

- ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə müsbət cavab vermədi. Moskvanın tələbinin əksinə olaraq, NATO-nun “Açıq qapı” siyasətinin davam etdiriləcəyi bildirildi. Bundan sonra nə baş verə bilər?

- Əvvəldən bəlli idi ki, NATO və ABŞ Rusiyaya Ukrayna və digər keçmiş sovet ölkələri ilə bağlı ciddi təminat verməyəcək. Nə ABŞ, nə NATO, nə də digər ölkələr Ukrayna ilə bağlı geri addım ata bilərdi. Çünki geri addım atan tərəf məğlub tərəf kimi qəbul ediləcəkdi. Bu da geri çəkilən ölkəni və ya alyansın ciddiliyini sual qarşısında qoya və imicinə ciddi zərbə vura bilərdi. Belə olan təqdirdə, artıq müharibə qaçılmaz gəlişmə kimi görünür.

Fikirləşirəm ki, hazırkı situasiyada müharibə ehtimalı olduqca yüksəkdir.

- Bəs müharibə hansı formada ola bilər?

- Açığı, Rusiyanın Ukraynaya açıq müdaxilə ehtimalını daha aşağı hesab edirəm. Amma bu da mümkündür. Proses elə gətirə bilər ki, Rusiya bu addımı da atar. Onsuz da, Rusiya Donbas bölgəsindədir və son bir ayda oradakı separatçıları intensiv şəkildə silahlandırırdı. Hesab edirəm ki, silahlandırma bundan sonra da intensiv olaraq davam etdiriləcək, öz ordusunu da Donbasda yerləşdirəcək. Təbii ki, bunu da özünün yox, Donetsk və Luqanskdakı qondarma respublikaların ordusu kimi təqdim etməyə çalışacaq.

Bundan sonra təmas xəttində hansısa formada təxribat törədib Ukraynaya qarşı hücuma keçə bilərlər. Çalışacaqlar ki, Donbasın Ukrayna ordusunun nəzarətində olan hissələrini də tamamilə işğal etsinlər. Məlumdur ki, həmin bölgənin böyük hissəsi Ukraynanın əlindədir. İlk növbədə, bunu etməyə çalışacaqlar.

Ardınca, 1990-cı illərdə Azərbaycanda – Qarabağdakı işğal ssenarisini həyata keçirə bilərlər. Vaxtilə Dağlıq Qarabağ tamamilə işğal edildikdən sonra ətrafdakı 7 rayon da zəbt edilmişdi. İndi həmin ssenarini Ukraynanın bu bölgəsində həyata keçirməyə çalışa bilərlər. Bu ssenariyə uyğun olaraq, Belarusa qədər uzanan zolağı ələ keçirib, bufer zona yaratmağa cəhd edə bilərlər. Sonra da deyəcəklər ki, bunu Donetsk və Luqansk “respublikalar”ı edib ki, öz təhlükəsizliklərini qarantiya altına alsınlar.

Rusiyanın daha çox bunu edəcəyini gözləyirəm, nəinki özünün birbaşa müdaxiləsini. Təbii ki, dünya ictimaiyyəti bunu Rusiyanın birbaşa müdaxiləsi kimi qəbul edəcək. Kimi aldada bilərlər? ABŞ və Avropa Birliyinin reaksiyasının bu şəkildə olacağını düşünürəm.

- Bu ssenarinin həyata keçirilməsi, Rusiyaya nə verəcək?

- Bu, Rusiyaya ABŞ və Avropa Birliyi ölkələrinin ciddi sanksiyalarını vəd edir. Həmin ölkələrin Rusiyaya belə xəbərdarlıqları var. İndi hər kəs baş sındırır ki, bu sanksiyalar nədən ibarət ola bilər. Bayden və Blinken dəfələrlə deyiblər ki, “öldürücü sanksiyalar” olacaq. Rusiya iqtisadiyyatının strateji sahələri və Rusiyaya çiplərin satışı sanksiya altında qala bilər. Eyni zamanda, Rusiyanın SWIFT sistemindən çıxarılması da bura daxildir. Bunu etsələr, Rusiya iqtisadiyyatını iflic duruma salacaqlar. Hesab edirəm ki, SWIFT-dən çıxarılması Rusiya iqtisadiyyatı üçün ən ağır zərbələrdən biri olacaq. Bu, çox ciddi məsələdir.

Habelə “Şimal axını-2” qaz kəməri ilə bağlı sanksiyalar ola bilər. Bu da müzakirə mövzusudur. Şəxsən Putinə qarşı sanksiyaların olması da mümkündür. Putinin Qərb ölkələrinə səfərlərini qadağan edə bilərlər. Bu sanksiyaları həyata keçirsələr, Rusiya tam təcrid olacaq. Bunlardan hansını edib, hansını etməyəcəklərini zaman göstərəcək. Amma Qərb bloku daxilində Fransa və Almaniya kimi dövlətlər var ki, onlar Rusiya ilə münasibətləri bir qədər başqa formada görürlər.

Məsələn, Almaniya NATO-nun “Şimali axını-2” ilə bağlı qərarını bloklaya bilər. Eyni zamanda, Fransa və Avstriya Rusiyanın SWIFT-dən çıxarılmasına blok qoya bilərlər. Təbii ki, bunu zaman göstərəcək.

Bununla belə, bütün hadisələr onu göstərir ki, artıq Qərb bloku, ilk növbədə NATO toparlanmağa başlayıb. Çünki Barak Obamadan sonra Rusiya və Putin atdığı addımlara görə cəzasız qalmışdı. Buna qarşı da alyansın fəaliyyəti dağınıqdı. Amma indi Bayden və Blinkenin açıq danışması və bir sıra Avropa Birliyi ölkələrinin müəyyən addımlar atması göstərir ki, Qərb bloku torparlanır.

Elə bir durum yarana bilər ki, vaxtilə SSRİ və ABŞ arasında getmiş “soyuq müharibə” təkrarlansın. Amma mən düşünürəm ki, Rusiya SSRİ qədər güclü olmadığına görə onun bu prosesdə uduzması və son nəticədə çökməsi daha sürətli olacaq.

İndi dünya tamam fərqli inkişaf səviyyəsindədir. Bu da prosesi daha sürətli edə bilər. Son nəticədə Rusiya nəinki post-sovet məkanını itirəcək, hətta öz daxilində də dağıdıcı proseslər başlayacaq. Rusiya daxili ayaqlanmaların, küçə yürüşlərinin, kütləvi mitinqlərin mərkəzinə çevrilə bilər. Bu, Putin üçün yaxşı heç nə vəd etmir.

Açıq müdaxilənin nəticəsini belə görürəm. Buna görə də, Putin çox ciddi dilemma qarşısındadır. Elə bir durum yarana bilər ki, Rusiya siyasi elitasının daxilində parçalanma ola bilər və Putinin özünü devirələr. Bu da mümkündür.

- Bəs qonşularına – keçmiş sovet ölkələrinə təzyiqləri və hədələri artıran Rusiyanın əsas hədəfi nədir?

- Rusiyanın hədəfi budur ki, tam SSRİ formasında olmasa da, ondan asılı olan bir sistem formalaşdırsın. Bəllidir ki, indi SSRİ-ni həminki formatda bərpa etmək mümkün deyil. Amma çalışır ki, bu ölkələrdə özündən asılı olan sistemlər qursun və Rusiyaya inteqrasiya etsinlər. Onları da Avrasiya İqtisadi Birliyi və KTMT çətiri altında birləşdirmək istəyir. Təbii ki, bir cazibədar bir platforma yarada bilməyəcək. Çünki SSRİ hər nə olsa da, pis-yaxşı kommunizm kimi ideologiyası vardı. Xalqları da bu ideya ətrafında birləşdirmişdilər.

Amma indi heç bir ideologiya yoxdur. İndi sadəcə olaraq, hakimiyyət bir qrup adamın əlindədir. Ölkənin bütün sərvətləri və resurslarını da onlar öz əllərində saxlayırlar, mənimsəyirlər, pulları da xarici ölkələrə çıxarırlar. Hamı da bunu görür: avtoritar rejim qurublar, söz demək istəyənin sözünü kəsirlər, siyasətlə məşğul olmaq istəyənləri həbs edirlər və s. Bu siyasətlə hara gedəcəklər?

Ortada ideologiya, iqtisadi-siyasi model də yoxdur ki, xalqlara bunu təlqin edə bilsinlər. Buna görə də, Rusiyanın nəzərdə tutduğu planın perspektivdə həyata keçəcəyinə inanmıram. Cəhdlər edilsə də, uğurlu olmayacaq, müəyyən bir dövrdən sonra dağılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Fuad Vəlixanov vəfat etdi

  • 16.05.2022 - 21:45