Çərşənbə axşamı, 19 Mart

Anar Məmmədxanov heç vaxt belə etməzdi, Müşfiq Abbasov!

image

Vətən Müharibəsinin qəhrəmanlarından biri də Müşfiq Abbasovdur. Birinci Qarabağ Müharibəsi qazisi olan qəhrəmanımız 44 günlük müharibəsində iki oğlu ilə bərabər döyüşdü və şəhid oldu. Məkanı cənnət olsun! Şəhidlik məqamına yüksələndən sonra Türkiyə  mətbuatı yanlış olaraq onu “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasovla səhv salıb, ssenaristin şəhid olduğu xəbərini yaymışdı.

O zaman xəbər yayılandan sonra Müşfiq Abbasov mətbuata demişdi ki, şəhidlik məqamına ucalmaq onun üçün fəxr olardı və bu xəbərdən narahat deyil. “Mənim də iki oğlum var. Yəni şəhid qardaşımla-adaşımla oxşarlıqlarımız çoxdur. Sadəcə, o artıq məndən üstün  elə bir məqama qalxıb ki, özümü ona bənzədə bilmərəm. Mən də ehtiyatda olan zabitəm və hərbi komissarlıqdan çağırış gözləyirəm”.

O zaman komissarlıq ehtiyatda olan zabit Abbasova çağırış göndərmədi. İnanmaq istərdik ki, çağırış gəlsə, o da adaşı kimi qəhrəmancasına döyüşərdi. Amma... kaş ki, Soçidəki bu hadisə baş verməzdi...

Məsələnin mahiyyətindən çoxlarının xəbəri var, amma sosial şəbəkələrdə və mediada geniş müzakirə olunsa belə, xəbərsizlər də tapılır.

Qısa özətini xatırladaq: Rusiyanın Soçi şəhərində keçirilən “Şən və Hazırcavablar Klubu”nun (“KVN”) yarışmasına – 33-cü Beynəlxalq Festivalına Azərbaycan komandası da qatılıb – Müşfiq Abbasovun rəhbərliyi ilə. Komandanın da adı “Şuşa” olub. Amma ilk turdan sonra keçirilən iclasda elan olunub ki, “Şuşa” komandası yalnız adını dəyişdikdən sonra ikinci tura keçə bilər. Bu şərt kimdən gəlsə, yaxşıdır: Ruben Jaqinyan adlı ermənidən!!! Bundan sonra Müşfiq Abbasov komandanın adını “Buta” qoyublar.

Türkiyə mətbuatı aktyor Müşfiq Abbasovu “şəhid” etdi – KRYOZ OLAY

Müşfiq Abbasov məsələ ilə bağlı açıqlaması o qədər absurd təsir bağışladı ki... Ata-oğul Maslyakovla görüşmək naminə (?!) guya müvəqqəti də olsa, “Şuşa” adından imtina ediblər. Sanki “olum, ya ölüm” dilemması qarşısında qalıbmışlar. Heyrət doğurur.  Bu qədərmi prinsipial əhəmiyyət kəsb edən məsələymiş Maslyakovla görüş? Görəsən, “KVN” –şiklərə Putinlə görüş şansının olduğunu desəydilər, o halda hansı addan imtina edərdilər?..

Kimsə deyə bilər ki, addır da, o olmasın, bu olsun. Bəlkə də başqa hansısa bir mücərrəd ad olsaydı, razılaşmaq mümkün idi. Amma bu məsələdə qəti şəkildə YOX! Söhbət ŞUŞADAN GEDİR! O Şuşadan ki, 28 il onun yoxluğu, düşmən tapdağında olması bizi millət olaraq az qala hər gün o dünyaya apardı-gətirdi. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, dedik və sonadək hədəfə doğru yürüdük. 44 günlük ölüm-qalım savaşının sonunda da dünyaya sübut etdik, “Şuşa-Azərbaycandır!, “Qarabağ Aazərbaycandır!”

Bütün bu şərəfli mücadilə ona görə aparılmadı ki, günün birində hansısa bir dılğır Rubenin şərti ilə Azərbaycanı təmsil edən komanda Şuşa adından imtina etsin və komanda rəhbəri bunu əsaslandırmaq üçün bəhanələr uydursun. İkinci tura keçmək üçün şərt qoyulmuşdu? Cəhənnəmə ki. Deyərdin başına dəysin sənin festivalın da, rubenin də, qayıdardın Azərbaycana – QALİB kimi!

Anar Məmmədxanov - KVN kapitanı, sabiq deputatın qəfil ölümü - VİDEO

Azərbaycanı illər boyunca təmsil edən “KVN” komandası olub, unutmamışıq, postsovet məkanında ermənilərdən üstün olmalarını fəxarətlə söyləmişik. Bu komandanın başında dayanan rəhmətlik Anar Məmmədxanov yadındamı, Müşfiq bəy? Nə olar ki, “şən və hazırcavab” olanda. Anar Məmmədxanovun bir amalı var idi, biz unutmadıq: “Qarabağı unutmayaq!”, şüarını hər yerdə dilə gətirirdi, yarışlarda da, parlamentdə də. Biz jurnalistlərə müsahibələrində həmişə israrlı xahişi bu olurdu ki, iri hərflərdə yazaq: “Qarabağı unutmayaq!” Çox arzulayırdı Qarabağın azadlığını. İndi “KVN” adını daşıyan bir komandanın rəhbəri necə rahatlıqda “Şuşa”sızlıqla razılaşır? Anar Məmmədxanov ölərdi, buna getməzdi! Həm də hanı sizin milli təəssübkeşliyiniz? Axı, necə ola bilər ki, qarşınıza qoyulan şərtin “kakoy nibud” Rubendən gəldiyini bildiyiniz halda, bununla razılaşmısınız? Bilə-bilə ki, erməni hər məqamda bizdən qisas almağa çalışır, bundan sonra da ilan olub boğazımıza dolanmaq üçün, əqrəb olub sancmaq üçün fürsət gəzəcək, dünyanın harasında olursa-olsun, xəbəriniz yoxdur bəlkə...Belə olan halda Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyən bir “yarışma”da o mübarək adımızdan imtina böyük qəbahətdir.

Özü də bu hadisə nə vaxt baş verir: ŞUŞA İLİndə! Azərbaycan dövlətinin lideri 2022-ci ili başdan-ayağa Şuşalı il elan edib, budurmu sizin 270 illik yubileyinə hazırlaşdığımız Şuşamıza “hədiyyə”niz?! Şuşaya avtobus reysləri açılıb, könlümüzün sultanı olan Qalamızı ziyarət etmək üçün növbələr yaranıb, adamlar həsrətlə Pənah xanın məkanını görməyə tələsir. İnsanların heysiyyatına toxunduğunuzun fərqindəsinizmi?

2022-ci ilin “Şuşa İli” elan olunması milli mədəniyyətimizin inkişafına  misilsiz töhfələr verəcək - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Müşfiq Abbasov deyir ikinci mərhələ üçün belə bir təklif verdilər, daha nələr...Xalqdan üzr üstəmək əvəzinə, hələ “əsaslandırmağa” çalışır. Müqayisə qüsurlu olsa da, yazım: Azərbaycan-Avropa İttifaqı münasibətlərində əsas şərt Qarabağ olub ötən illər boyunca. Dövlət başçısı dünyanın əsas təşkilatı ilə əməkdaşlığı bir halda mümkün hesab edib: Qarabağ Azərbaycanın tərkib hissəsi sayılmaq şərtilə, alternativ ola bilməz! Məhz belə prinsipiallıq, belə qətiyyət bizi Qarabağa, Şuşaya aıpardı, müzəffər xalq statusunu qazandıq. İndi imkan verə bilmərik ki, kimsə bizim milli heysiyyatımıza toxunan hərəkətlərə yol versin, ermənilər üçün lağlağı obyektinə çevrilək.   

Virtual Qarabağ - Qarabağ abidələri

Qarabağın erməniyə təslim edilməsi, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması üçün ötən illərdə Azərbaycan hakimiyyətinə edilən təzyiqlərin miqyası təsəvvürə gəlməz dərəcədə genişdir. Hətta bəzi hallarda dövlətimizin başçısı bu barədə etiraflar edib. Amma zərrə qədər geri çəkilmədi prinsipial mövqedən. Qarabağın hərbi yolu ilə azad olunmaması üçün israrla deyirdilər ki, sülhün alternativi yoxdur, müharibə olmaz, daha nələr. Azərbaycan oğulları canları bahasına dünyaya sübut etdilər ki, sıldırım qayalarını dırmanmaq bahasına Şuşanı azad etmək olar! Üstündən bir ildən çox keçib, hələ də dünyanın hərb mərkəzləri bu qələbənin sirrini aça bilmirlər. Necə oğullar qurban gedib e Şuşa üçün. Şuşaya bayraq sancmaq ən böyük arzusu olan igidlər Daşaltıdan, Şuşa dağlarına boylanaraq əbədiyyətə qovuşublar...“Ehtiyatda olan zabit” Şuşa adından necə də asanlıqla imtina edib, mənasız bir yarışmanın ikinci turuna keçməkdən ötrü...

90-cı illərdə oğullar oldu, erməni əsirliyində işgəncələrə dözdülər, amma “Şuşa” adını “Şuşi”yə dəyişmədilər…Qolları qandallı erməni cəlladların üzünə tüpürdülər. Soçidə sizə işgəncə vermədilər, əsir götürmədilər ki…

Rəşadın yerində biz də olsaq, əsəbiləşərik” — Qurban Qurbanov

Ötən illərdə Ermənilər hər yola əl atdılar Qarabağın “Azərbaycan olmadığını” dünyaya yaymaqdan ötrü. Qondarma “Qarabağ” futbol klubu yaratdılar, amma Qurban Qurbanovun “Qarabağ”ı illər boyunca bayrağımızı ucalarda dalğalandırdı, tribunalardan səslənən “Qa-ra-bağ” sədaları Azərbaycanın haqq səsini hər yerə yaydı. Ermənilər oyun zamanı hətta “artsax” əskisi asılmış aparat uçurtdular meydançanın üzərindən. “Qarabağ” nələr çəkdi, amma geri çəkilmədi, usanmadı. “Qarabağ” da “pley-off”a düşməkdən ötrü nələrdənsə imtina etməliydi, sizin məntiqinizlə?!

Olmaz! Qurtarın bu “oyun(bazlığı)”u! Bilin ki, erməni olan yerdə məkr, fitnə də olacaq! Gül kimi Şuşa zəfərimizə xələl gətirməyin?!

Şəhidlərimizin qanı bahasına azad olunan Şuşanın adı toxunulmaz elan olunmalıdır, bəlkə lap elə qanunla! Şuşa adı hər nəyə gəldi, verilməməli, sonra da dəyişdirilməməlidir! Şuşa onu haqq edənlərindir!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11