Cümə axşamı, 28 Mart

Tokayevdən gözlənilməz qərar – Qazax millətçisini nazir təyin etdi, Kreml mətbuatı ayağa qalxdı

image

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin elan etdiyi yeni Nazirlər Kabinetinin üzvləri sırasında anti-Rusiya mövqeyilə seçilən və Rusiyada qatı qazax millətçisi kimi tanınan, hətta Rusiyaya girişinə qadağa qoyulan Askar Umarov da var.

Xəbər verilir ki, Umarovun Qazaxıstanın İnformasiya və ictimai inkişaf naziri təyin olunması xəbəri yayılandan dərhal sonra Kremlə yaxın mətbu orqanlar Tokayevin kadr siyasətinə qarşı açıq hücuma keçiblər. Kremlin əsas təbliğat ruporlarından biri olan və Rusiyada deyil, bütün MDB məkanında ikrahla qarşılanan Marqarita Simonyan dərhal Umarovu Rusiyaya nifrət edən millətçi kimi tənqid edib və onun bir müddət əvvəl Qazaxıstanda yaşayan ruslara söylədiyi iddia olunan fikirlərdən sitat gətirib: “Sağol deyin ki, sizin(rusların-red.) hüquqlarınıza riayət olunur və sizi başqa ölkələrdəki kimi istilaçı olduğunuz üçün heç kim qovmur”.

Simonyan qatı millətçi kimi təqdim etdiyi Umarovun bundan sonra Qazaxıstanın baş ideoloqu olacağını qeyd edərək, onun hətta 1941-1945-ci il müharibəsini “özgə müharibə” adlandırdığını xatırladıb.

Ümumiyyətlə, bu təyinata qədər həmin nazirlikdə nazir müavini vəzifəsini tutan, daha əvvəl isə Qazaxıstanın rəsmi dövlət agentliyinə rəhbərlik etmiş Askar Umarovun Rusiya və rus dili ilə bağlı bir çox açıqlamalarının olduğu bildirilir. Nəzərə alınsa ki, bu nazirlik Qazaxıstanda ideoloji sahəyə cavabdeh olan əsas qurumdur, o zaman Kremlə yaxın mətbuatın narahatlığını, hətta isterikasını başa düşmək olar...

Bu mövzuyla bağlı “Komsomolskaya Pravda” da geniş məqalə ilə çıxış edib. Tokayevin Umarovu ideoloji işin başına gətirməsini rişxəndlə “etdiyi kömək üçün Rusiyaya minnətdarlıq” adlandıran qəzet qeyd edir ki, məhz Umarov uzun illərdir Qazaxıstanda rus dilinin sıxışdırılmasının əsas təşəbbüskarlarından biri olub. Hətta bildirilir ki, məhz onun rəhbərliyi altında “dil patrulları” kimi tanınan QHT-lər yaradılıb və onlar rus dilinin sıxışdırımasına çalışaraq, əhalinin və dövlət qurumlarının qazax dilindən istifadəsini təbliğ və təşviq ediblər.

“Komsomolskaya Pravda” Askar Umarovu Böyük Turan ideyasının Qazaxıstandakı əsas təbliğatçısı adlandırır və qeyd edir ki, yeni nazir böyük Türk birliyinin yaradılmasının və oraya hətta Rusiyanın Tatarıstan, Başqırdıstan və Yakutiya bölgələrinin də daxil edilməsinin tərəfdarı və təbliğatçısıdır. Daha sonra qəzet Tokayevin bu təyinatının 3 mümkün səbəbini, məqsədini və gözlənilən ssenarini qeyd edir: “Birincisi, ola bilər ki, bu, ucuz, lakin effektiv siyasi texnologiya gedişidir. Bütün informasiya Askar Umarovun üzərində fokuslanır. Böyük qalmaqal yaranır və toplaşanların alqış sədaları altında “yaramazı” siyahıdan silirlər. Və yeni prezident Moskva qarşısında millətçiliklə mübarizə aparan şəxs qismində ortaya çıxır. Bu prinsipiallıq rus vətəndaşların da çox xoşuna gələr.”

Qəzetin ikinci versiyasına görə isə Umarovu nazirlər siyahısından çıxarmayacaqlar. Əksinə, bu, Tokayevin Rusiyanı çağırmasından qəzəblənən qazax millətçilərinə güzəşti, hətta “haqq verməsi” sayılacaq: “Siyasi qeyri-stabillik və küçələrdəki xaos dönəmində millətçilərin dəstəyini qazanmaq çox vacibdir...”

Üçüncü versiyaya görə isə bu, Tokayevin Moskvaya ismarıcıdır: “Hər kəsə təşəkkürlər, hamı azaddır! Bizim burada öz atmosferimiz var. Hansı atmosfer? Bunu Askar Umarov danışacaq...” 

Rusiyanın “Novıye İzvestiya” qəzeti isə bir qədər də irəli gedərək, Umarovun təyinatını “Rusiyanın kürəyinə vurulan zərbə” adlandırıb. Bununla bağlı yazıda artıq Kreml təbliğatçılarının peşmançılıq və əsəblə “biz Tokayevə niyə kömək etdik” sualını verdikləri qeyd olunur.

Ancaq məsələ ondadır ki, Umarova qarşı birbaşa ittihamlar irəli sürmək asan deyil. Belə ki, onun bütün “rusofob” açıqlamalarını sosial şəbəkələrdə “TürkMedia” adlı səhifədən paylaşdığı bildirilir. Bu səbəbdən rəsmən ona qarşı hansısa iddia sürmək çətindir. Buna baxmayaraq, sözügedən fikir və açıqlamaların məhz Umarova məxsus olduğunu müəyyən etdiyi üçün Rusiya rəsmən onun öz ərazisinə girişinə qadağa qoyub.

Bir sözlə, rus dilində danışan qazaxları “manqurt” adlandırdığı bildirilən Umarovun belə həssas məqamda Tokayev tərəfindən informasiya sahəsinə cavabdeh olan nazirliyə rəhbər təyin edilməsi doğrudan da düşündürücüdür. Bəziləri hətta bunu Tokayevin özünü həm qazax cəmiyyətinə, həm də Moskvaya azad, müstəqil iradə sahibi olaraq göstərmək cəhdi kimi qəbul edirlər.

Hər halda, bu təyinatın pərdəarxası yaxın zamanda aydınlaşacaq. Yəqin ki, tezliklə Kreml mətbuatı ilə yanaşı, hakimiyyətə yaxın politoloqlar və Jirinovski kimi siyasətçilər də dövriyyəyə girəcəklər. Artıq tanınmış politoloq Sergey Markov bu təyinatına görə Tokayevin ünvanına sərt ittihamlarla çıxış edib. 

Görək? Tokayev bu təzyiqlərə hansı reaksiyanı verəcək və qərarının üzərində duracaqmı...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45