Cümə, 19 Aprel

Piter görüşündə nə baş verib? Nazarbayev niyə getdi? - VİDEO

image

Qazaxıstandakı toqquşmaların 28 dekabrda MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitindən bir neçə gün sonra baş verməsi çox düşündürücüdür.

Sankt-Peterburqda Rusiya lideri Vladimir Putinin yalnız Qazaxıstanın birinci Prezidenti, Elbaşı Nursultan Nazarbayevlə təkbətək görüşü olmuşdu. Rəsmi məlumata görə, Putin Nazarbayevə Avrasiya İqtisadi İttifaqının yaradılması ideyasına görə təşəkkür etmişdi. Başqa heç bir məlumat yoxdur.

Bəzi ekspertlərin fikrincə, Rusiya lideri Nazarbayevə müəyyən təkliflər edib, rədd cavabı aldığı üçün “B planı”nı işə salıb.

Putin nə təklif edə bilərdi?

İlk ehtimal Qazaxıstanın İttifaq Dövlətinə dəvət edilməsidir. Rusiya-Belarus birliyinə Qazaxıstanın qoşulması MDB məkanında ciddi hadisə ola bilərdi.

Nazarbayevin bu təklifdən imtinasının hazırkı proseslərə səbəb olduğu, buna görə də Tokayevin Nazarbayevi Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edərək, məsuliyyəti öz üzərinə götürdüyü və Rusiyanın şərtlərinə razı olduğu, KTMT-dən dəstək istədiyi və rus sülhyaratma missiyasını ölkəyə çağırdığı iddia edilir.

Bu arada olduqca maraqlı bir iddianı Türkiyənin “Yeni Akıt” nəşri irəli sürüb. Sayt Tokayevin Rusiyadan (KTMT-dən) kollektiv təhlükəsizlik müqaviləsinin 4-cü bəndinə uyğun olaraq, dəstək istəməsi qarşılığında Rusiyanın “bəzi şərtlər” irəli sürdüyünü bildirib: Krımın ilhaqının tanınması, rus dilinin ikinci rəsmi dil kimi bərpa olunması, Rusiyaya hərbi bazaların və Qazaxıstandakı ruslara (ölkənin şimalına) muxtariyyət verilməsi!

Rusiyanın bu şərtləri səsləndirib-səsləndirmədiyi haqda hər hansı rəsmi bir açıqlama olmasa da, bu iddianın yayılması olduqca ciddi məsələdir. Başqa sözlə, bu şərtlər əslində Qazaxıstan olaylarının arxasında kimin dayandığını təsdiqləyəcək səviyyədədir.

Bu şərtlər Qazaxıstanda Ukrayna ssenarisinin həyata keçirilməsi deməkdir. Uzun müddətdir Donbas kimi, Qazaxıstanın da şimal torpaqlarına iddialar səsləndirən rusiyalı siyasətçilərin təsadüfən danışmadığı ortadadır.

Nazarbayevin getməsini şərtləndirən ikinci ehtimal

İkinci ehtimal Təhlükəsizlik Şurasının katibi kimi Nazarbayevə bağlı güc strukturları rəhbərlərinin işinin öhdəsindən gəlməməsidir.

Q.J.Tokayev Təhlükəsizlik Şurasının katibi kimi özü fəaliyyətə başlayandan sonra təhlükəsizlikdən məsul olan şəxsləri vəzifədən çıxardı - Təhlükəsizlik Komitəsini rəhbəri ilk sərəncamla azad edilənlər sırasında idi.

Qazaxıstanın iri şəhərlərində, xüsusilə Almatıda baş verən etiraz aksiyalarında, dövlətin önəmli strukturlarına edilən hücumlarda silahlı şəxslərin olduğu açıq görünür. Hətta yerli sakinlər sosial şəbəkələrdə avtomat silahlarla silahlanmış qrupların olduğunu təsdiqləyən faktları yayırlar. Onlar strateji obyektlərə hücum edir, dağıntılar törədir, hüquq-mühafizə orqanı əməkdaşlarına atəş açır və s. İndiyə qədər 8 polis və hərbçi öldürülüb, 317 nəfərin yaralandığı bildirilir.

Bu, ciddi şəkildə hazırlanmış və aylarla planlaşdırılmış aktdır. Mümkündür ki, Tokayev Nazarbayevin kadrlarının prosesi önləyə bilmədiyindən narazıdır.

Digər ən önəmli məsələ isə Nazarbayevlə Tokayev arasında fikir ayrılığıdır. Əgər doğrudan da Nazarbayev Piterdə hansısa təklifdən imtina edibsə, Qazaxıstanda proseslər başlayanda da o, fikrini dəyişməyib. Bu mövqenin Qazaxıstanı parçalanmaya apara biləcəyi ehtimalına görə isə Tokayev Nazarbayevi onun komandası ilə birgə istefaya göndərməyə məcbur olub.

Nazarbayevin öz istəyi ilə istefa məsələsi də aktualdır. Çünki Tokayev Nazarbayevin varisi sayılır. Ancaq indiyə qədər Nazarbayevin ofisindən heç bir açıqlama verilməməsi, Tokayevin də Nazarbayevi kənarlaşdırarkən, “öz istəyi ilə” sözündən istifadə etməməsi tamamilə fərqli qənaətlərə yol açır.

Rusiya “təhlükəsizlik yastığı” qurur?

Rusiyanın Ukrayna və Belarusdakı “təhlükəsizlik yastığı”ndan sonra birdən-birə üzünü Orta Asiyaya çevirməsi və bu qədər ağır prosesə start verməsi gözlənilən idi. Ümumiyyətlə, Orta Asiya olduqca önəmli bir coğrafiyadır. Çin, ABŞ, AB-nin maraqları da burda toqquşur, üstəlik yeni qlobal güc olma yolunda sürətlə irəliləyən Türkiyə da türk dövlətləri ilə əlaqələrini genişləndirib.

Rus politoloqlar Qazaxıstanı “Rusiya ilə bütün birliklərdə ola-ola Qərb və ABŞ-la əlaqələri inkişaf etdirməkdə” suçlayır, başqa sözlə, hazırda Qazaxıstanda baş verən proseslərdə şimal qonşusunun barmağının olmasını dolayısı ilə etiraf edir, hətta bunu “görk” kimi şərh edirlər.

Tokayevin etirazlarçıların bütün tələblərini yerinə yetirməsinə rəğmən aksiyaların dayanmaması, əksinə, silahlı müstəviyə keçməsi də sübut edir ki, məsələ sosial aksiyalar deyil, Qazaxıstana daxildən hücumdur.

Bu, Qazaxıstanın xarici oyunçulara nə qədər açıq olduğunu ortaya qoymaqla yanaşı, kövrəkliyini də üzə çıxardı.

Rusiya 12 yanvarda NATO ilə görüşə hazırlaşır. Bəzi mütəxəssislər bunu bir neçə gün öncə baş tutan Bayden-Putin telefon danışığından sonra “dünyanın nüfuz dairəsinə bölüşdürülməsi” kimi qiymətləndirir.

Rusiya bu görüşə “əlidolu” gedir, NATO-nu fakt qarşısında qoyur və Orta Asiyanı müzakirə (bölgü) predmeti olmaqdan çıxarır. Artıq bu ərazi müzakirə edilməyəcək!

Əsas müzakirənin Rusiyanın qərbindən yayındırılması Kremlin maraqları xaricindədir.

Bu nüfuz dairələrinin gələcəkdə İttifaq Dövlətinə daxil olub-olmayacağı isə olduqca mübahisəlidir.

Hər bir halda ABŞ-ın Qazaxıstanda proseslər başlayandan 4 gün sonra reaksiya verməsi, Türkiyənin isə o qədər də aktiv görünməməsi diqqəti cəlb edir.

Türk Dövlətləri Təşkilatı da indiyə qədər Qazaxıstan olaylarına ciddi reaksiya verməyib.

Hansısa razılaşmanın əvvəlcədən mövcud olduğu ehtimalı çox azdır. Onda belə çıxır ki, ABŞ, Türkiyə, Türk Dövlətləri Təşkilatı, Çin və Avropa Birliyi “nə baş verdiyini” anlamağa çalışır və yaxud Şimal Ayısının yeni aqressiv həmləsi qarşısında növbəti pauza yaranıb…

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20